Yararsız və oxunmaz çeklər: ƏDV-si kimə qalır?
14-04-2026, 10:24

Uzun illərdir marketlər və iaşə obyektlərində alıcılara təqdim olunan ödəniş qəbzləri (çeklər) ilə bağlı problemlər sistemli xarakter almağa başlayıb. Müştərilərin gündəlik qarşılaşdığı bu hallar artıq tək-tək şikayətlərdən çıxaraq ümumi narazılıq mühitinə çevrilib.
Bizimesr.com bildirir ki, ən çox rast gəlinən problemlərdən biri çeklərin oxunmaz vəziyyətdə təqdim olunmasıdır. Bəzi hallarda çap keyfiyyəti o qədər aşağı olur ki, məhsulun adı, qiyməti və ya tarix ümumiyyətlə seçilmir. Digər hallarda isə çeklər yarımçıq verilir və ya ümumiyyətlə təqdim olunmur. Satıcıların “aparat işləmir” və ya “kağız yoxdur” kimi arqumentləri isə adi hala çevrilib.
Bu cür halların ciddi nəticələri var.
Məsələn, istehlakçı aldığı məhsulu geri qaytarmaq istədikdə və ya zəmanət hüququndan istifadə etmək istədikdə çek əsas sənəd kimi tələb olunur. Çekin olmaması və ya oxunmaz vəziyyətdə olması isə vətəndaşı hüquqlarından faktiki məhrum edir. Bundan əlavə, ƏDV (əlavə dəyər vergisi) qaytarılması mexanizmi də məhz düzgün və oxunaqlı çek üzərində qurulduğu üçün bu problem birbaşa vətəndaşın cibinə təsir edir.
Diqqət çəkən digər məqam isə böyük market şəbəkələrində müşahidə olunan fərqli kassalar praktikasıdır. Belə ki, bəzi hallarda müştərilər kartla ödəniş üçün ayrı kassaya, nağd ödəniş üçün isə başqa kassaya yönləndirilir. Bu yanaşma suallar doğurur. Görünür bu cür bölünmə müəyyən hallarda dövriyyənin qeyri-şəffaf aparılması ehtimalını artırır və vergidən yayınma risklərini gündəmə gətirir.
Belə hallarda isə ortaya ciddi sual çıxır, vurulmayan ƏDV hara gedir?
Mütəxəssislərin fikrincə, bu kimi hallarda vergi uçotuna düşməyən məbləğlər faktiki olaraq müəssisənin qeyri-rəsmi gəlirinə çevrilir. Yəni dövlət büdcəsinə daxil olmalı olan vəsait “kölgə dövriyyə”yə yönəlir.
Çeklərin verilməməsi və ya yararsız vəziyyətdə təqdim olunması bəzən texniki problem deyil, bilərəkdən edilən addım ola bilər. Çünki oxunmayan və ya ümumiyyətlə verilməyən çek həm alıcının hüquqlarını zəiflədir, həm də satışın gizlədilməsini asanlaşdırır.
Məsələnin aktuallığını nəzərə alaraq, aidiyyəti dövlət qurumlarının, xüsusilə İqtisadiyyat Nazirliyi və onun nəzdində fəaliyyət göstərən qurumların bu sahədə nəzarəti gücləndirməsi vacibdir. Çeklərin verilməsi, onların keyfiyyəti və ümumilikdə satış prosesinin şəffaflığı ilə bağlı daha ciddi monitorinqlər aparılmalı, pozuntulara qarşı real sanksiyalar tətbiq olunmalıdır.
Mövcud vəziyyət göstərir ki, problem artıq lokal deyil, sistem xarakteri daşıyır. Bu isə həm istehlakçı hüquqlarının qorunması, həm də ölkədə iqtisadi şəffaflığın təmin olunması baxımından ciddi çağırışdır.

