Övladlarına miras qoymayan dünya ulduzları
15-11-2025, 15:04

Bəzi dünya ulduzları kifayət qədər var-dövlətə sahib olsalar da, övladlarına miras qoymayacaqlarını açıqlayıblar. Bu məşhurlar arasında əsasən tanınmış müğənnilər və aktyorlar var.
Övladlarına miras qoymamağı açıq şəkildə bəyan etmiş və ya faktiki olaraq bunu edən məşhurların adlarını təqdim edirik:
1. Britaniyalı müğənni Sting bildirib ki, o, 180 milyon funt sterlinq dəyərində olan sərvətini övladlarına buraxmaq niyyətində deyil, çünki onların özlərinin qazanmalı olduqlarına inanır və sərvətinin böyük hissəsini həyatdaykən xərcləməyi planlaşdırır. Müğənninin sözlərinə görə, var-dövlət onun övladları üçün “yük” ola bilər və o, onlar üçün etimad fondları (trast fondları) yaratmaq istəmir.
2. Müğənni Elton Con bildirib ki, oğullarına miras qoymaq niyyətində deyil, çünki onların zəhmətin dəyərini bilmələrini istəyir və sərvətini xeyriyyəyə yönəldəcəyini açıqlayıb.
3. Aktor Daniel Kreyq bildirib ki, sərvətini övladlarına miras qoymaq niyyətində deyil və hesab edir ki, var-dövlət ölümə qədər xərclənməli və ya başqalarına verilməlidir.
4. Jurnalist və siyasətçi Anderson Kuper övladına miras qoymağı planlaşdırmadığını bildirib: "Kollecin ödənişini ödəyəcəm, sonra özü öz pulu ilə yaşasın".
5. Britaniyalı aparıcı, aşpaz Qordon Ramzi bildirib ki, övladlarına miras qoymaq niyyətində deyil və sərvətini xeyriyyə fondlarına bağışlayacaq, uşaqlarına isə yalnız mənzildə 25% pay ayıracaq. O, istəyir ki, övladları da özlərini təmin etməyi öyrənsinlər.
6. Məşhur milyarder Mark Zukerberq və həyat yoldaşı Priscilla Çan uşaqlarına bütün sərvətlərini miras qoymaq niyyətində deyillər və gəlirlərinin əsasını təşkil edən şirkət səhmlərinin 99%-ni xeyriyyəyə bağışlayıblar.
7. Aktyor Ceki Çan təxminən 400 milyon dollar sərvətə malikdir və bir neçə ölkədə əmlakları var, lakin o, uşaqlarına miras qoymaq niyyətində deyil və onların yalnız öz bacarığı ilə pul qazanmalarını istəyir. Bu qərar, xüsusilə oğlu Ceysi 2014-cü ildə qadağan olunmuş maddələrin saxlanması ilə bağlı həbsindən sonra atasının oğluna münasibəti ilə bağlıdır.
Həqiqət İbrahimova
TEREF

