Sonuncu Qacar hökmdarının Bakıya səfəri: Əhməd şah Qacarı AXC adından kim qarşılayıb?

6-03-2026, 17:34           
Sonuncu Qacar hökmdarının Bakıya səfəri:
Böyük Britaniya Tarix Muzeyinin arxivində İranın sonuncu türk hökmdarı Əhməd şah Qacarın Bakıya səfərini əks etdirən nadir fotolar saxlanılır.
Bu fotolarda Əhməd şah Qacarın şəhərə gəlişi və onun şərəfinə düzülmüş fəxri qarovulun önündən keçməsi əks olunub. Gəmidən enən şah onu qarşılayanlara hərbi salam verir.
Şah Bakıda 1919-cu ilin avqustunda olub. O, Azərbaycan Xalq Cümhuriyyətinin sərhədlərindən keçərək Avropa səyahətinə çıxıb.
Versal sülhünün şərtlərinə əsasən, Bakıda yerləşən ingilis ordusu Əhməd şah Qacarın qarşılanma mərasimində iştirak edib. Arxiv sənədlərində qeyd olunur ki, Əhməd şahı Qara dəniz ordusunun 83-cü piyada briqadasının komandiri, general Diqbi Şattlvort qarşılayır. Fotolarda o, Əhməd şahla birgə görünür.

Əhməd şah Qacarı Azərbaycan hökuməti adından xarici işlər nazirinin müavini Adil xan Ziyadxanlı qarşılayıb. O, şahı qatarda Batuma qədər müşaiyət edib. Azərbaycanla İran arasında isti əlaqələrin qurulmasında bu səfər mühüm rol oynayıb. Əhməd şah Azərbaycan hökumətinə isti qarşılanmaya görə təşəkkür edib. Yolda Adil xan Ziyadxanlı Qacarların xarici işlər naziri Firuz Mirzə Nüsrətdövlə ilə müzakirələr də aparıb.
Firuz Mirzə, həmçinin Paris Sülh Konfransında dövlətin nümayəndə heyətinin rəhbəri olub. Şahın Bakıda gördüyü və eşitdikləri, o cümlədən A.Ziyadxanlı ilə söhbətləri onda Azərbaycan haqqında obyektiv rəyin yaranmasında rol oynayıb. Çünki Qacarlar 1918-ci ilin mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını birmənalı qarşılamamışdı.
Paris Sülh Konfransında irəli sürdüyü memorandumda onlar Azərbaycanın keçmiş xanlıq olan ərazilərinə qarşı iddia qaldırmışdı. Lakin siyasi reallığı dərk etdikdən sonra iddiasından geri çəkildi.
publika.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru