Əvvəldən hədəf Leventdən çox Oğuzhan idi.
Bu gün, 11:44

Bəli, neçə gündür gözlənilən oldu. Türkiyəli məşhur yutuber Oğuzhan Uğur səhər erkən saatlarda polis tərəfindən saxlanılıb. O, Haluk Levent və AHBAP dərnəyi ilə bağlı istintaq çərçivəsində saxlanılıb. Uğurun dərnəklə əlaqələri araşdırılır.
Əslində, əvvəldən hədəf Leventdən çox Oğuzhan idi. Çünki Haluk Leventin qaranlıq keçmişi və qumar asılılığı onsuz da çoxuna bəlli idi, onu istənilən an vurub saxlamaq, skandalı partlatmaq olardı. Amma seçkilərə hazırlıqların başlamasına az zaman qaldığı və Türkiyə seçkilərinə namizədləri bütün dünyaya, o cümlədən xalqa daha yaxından tanıdan "Mevzular: Açık Mikrofon" proqramının təsisçisi və aparıcı Oğuzhan Uğuru saxlamaq üçün əsas demək olar yox idi. Dəfələrlə onu tutmağa çalışmışdılar, amma olmamışdı.
Ötən seçkilərdə AKP-nin narahatlıq içində keçirdiyi səsvermə dönəminin əsas səbəbi məhz bu proqram idi. Çünki digər namizədlər və partiya üzvləri bura çıxır, xalqın şəffaf suallarını cavablandırır, ya "simpatiya" toplayır, ya da qəzəb doğururlar. Məsələn, Sinan Oğan namizəd olanda çoxu onu tanımırdı, hamı ümumiyyətlə səs toplaya bilməyəcəyini deyirdi. Adam bu proqrama çıxdı, bir gecədə dəstəkçi topladı, nəticədə 2% faiz yığdı ki, bu onun kimi biri üçün elə ciddi rəqiblər qarşısında böyük bir şey idi. Beləliklə səsləri böldü, ikinci turda onun səslərini almaq üçün AKP və CHP yarışa girdi, qazanan da qalib gəldi. Yəni bu proqram AKP üçün çox böyük təhlükədir. Bütün dünya Türkiyə seçkilərindən öncə verilişi izləyir, namizədlərin fikirləri və planlarını öyrənir. İndi AKP işini qarantiyaya almaq istəyir, İmamoğlundan (təmiz biri olduğunu düşünmürəm) sonra CHP-ni parçalayır, ardınca Uğuru zərərsizləşdirir.
Oğuzhanın atası Öcalanı Türkiyədə sorğulayan keçmiş MİT rəsmisi idi, o da şər-böhtanla həbs edilmişdi. Ümid edirəm, Oğuzhan dirənə bilər və azadlığa çıxar. Çünki prosesi izləyənlər bilir ki, onun heç bir günahı yoxdur. Adam sadəcə çox cəsarətlidir.
Ayşən Mustafa
·

