Putinin də adı "qara siyahı"dadır...
Bu gün, 10:22

ABŞ Senatına Rusiyaya qarşı sanksiyaların kəskin şəkildə sərtləşdirilməsini nəzərdə tutan yeni qanun layihəsi təqdim edilib.
ABŞ mətbuatının yaydığıməlumatda bildirilir ki, sözügedən sənəd əvvəllər respublikaçı senator Lindsi Qremin müəllifliyi ilə irəli sürülüb. Lakin onun vəfatından sonra təşəbbüsü Senatın yuxarı palatasına demokrat Riçard Blümental təqdim edib.
Qanun layihəsi artıq 60-dan çox senator tərəfindən dəstəklənib. Sənədi dəstəkləyənlər arasında respublikaçı çoxluğun lideri Con Tunun da olması layihənin Senat tərəfindən qəbul edilmə şansını xeyli artırır. Respublikaçı senatorların yüksək rütbəli köməkçilərindən biri mövzu ilə bağlı şərhində qeyd edib ki, əksəriyyət liderinin layihənin həmmüəlliflərindən biri kimi çıxış etməsi Senat rəhbərliyinin bu təşəbbüsü yekdilliklə dəstəklədiyinə dair aydın siqnaldır.
Sənəddə Rusiyaya qarşı olduqca ağır məhdudiyyətlər yer alıb:
Başda Vladimir Putin olmaqla, Rusiyanın ali siyasi və hərbi elitasına qarşı sanksiyaların tətbiqi;
Rusiya Mərkəzi Bankı, "Sberbank", VTB və "Qazprombank" daxil olmaqla, əsas maliyyə institutlarının hədəfə alınması;
Müdafiə, energetika və nəqliyyat sektorundakı müəssisələrə məhdudiyyətlər;
Rusiya neftini, qazını, kömürünü, uranını və digər sanksiyalı mallarını daşıyan gəmilərə, həmçinin Rusiya hərbi-sənaye kompleksinə məhsul tədarük edən xarici vətəndaşlara və şirkətlərə qarşı qadağalar;
ABŞ vətəndaşlarının və şirkətlərinin Rusiya iqtisadiyyatına investisiya qoymasına və Rusiyanın dövlət borcunu satın almasına tam qadağa;
Rusiya idxalına 500%-ə qədər, Rusiya neft-qazını almağa davam edən və Moskvaya sanksiyalardan yan keçməyə kömək edən ölkələrin mallarına isə 100%-ə qədər gömrük rüsumlarının tətbiqi.
Qanun layihəsinə əsasən, tətbiq ediləcək sanksiyaların ləğvi yalnız bir halda – Rusiya hərbi əməliyyatları tamamilə dayandırdıqdan və Ukrayna hökuməti tərəfindən bəyənilən sülh sazişi imzalandıqdan sonra mümkün ola bilər.
Elchin Rustamli

