Mənzil alanda siz divara pul ödəyirsiniz, yoxsa otağa? Qərb bu problemi necə həll edib?

Bu gün, 12:22           
Mənzil alanda siz divara pul ödəyirsiniz, yoxsa otağa? Qərb bu problemi necə həll edib?
Son vaxtlar Azərbaycanda mənzil bazarında ən çox müzakirə olunan mövzulardan biri də kvadratmetr hesablanmasıdır.
Tikinti şirkətləri deyirlər ki, mənzil çöldən-çölə hesablanmalıdır.
Alıcılar isə hesab edirlər ki, mənzil içdən-içə ölçülməlidir.
Bəs görəsən, inkişaf etmiş ölkələr bu problemi necə həll ediblər?
Araşdırdıq. Məlum oldu ki, Qərbdə vahid sistem yoxdur.
Ancaq bütün ölkələrdə bir prinsip dəyişmir: Alıcı nə üçün pul ödədiyini əvvəlcədən dəqiq bilir.
Böyük Britaniya nümunəsi
Böyük Britaniyada və bir sıra Avropa ölkələrində üç əsas anlayış istifadə olunur.
1. Gross External Area (GEA)-Ümumi xarici sahə
Bu, binanın ən kənar divarlarından ölçülən ümumi sahəsidir.
Buraya daxildir xarici divarlar, daxili divarlar, pilləkənlər, texniki otaqlar, istifadə olunan bütün tikinti sahəsi.
Bu göstərici əsasən memarlar, tikinti şirkətləri və layihələndirmə üçün istifadə olunur.
Mənzil alan vətəndaş üçün isə o qədər də praktik əhəmiyyət daşımır.
2. Gross Internal Area (GIA)-Ümumi daxili sahə
Burada artıq ölçü binanın xarici divarlarının iç üzündən götürülür.
Yəni otaqlar, dəhliz, sanitar qovşağı, daxili divarlar hamısı birlikdə hesablanır.
Ancaq xarici divarların qalınlığı artıq bu hesaba daxil edilmir.
Bu göstərici ofislərin, ticarət obyektlərinin və bəzi yaşayış binalarının qiymətləndirilməsində istifadə olunur.
3. Net Internal Area (NIA)-Xalis istifadə sahəsi
Mənzil alan insan üçün ən vacib göstərici məhz budur.
Burada yalnız insanın faktiki istifadə edə biləcəyi sahə hesablanır.
Yəni yataq otağı, qonaq otağı, mətbəx, hamam, dəhliz hesablanır.
Amma aşağıdakılar çıxılır: divarların qalınlığı, şaxtalar, texniki kanallar, istifadə olunmayan konstruksiya elementləri.
Başqa sözlə, xalis istifadə sahəsi insanın ayaq basdığı sahədir.
İsveçrə modeli
İsveçrədə də buna oxşar yanaşma mövcuddur.
Alıcı üçün əsas göstərici Netto Wohnfläche adlanır. Bu isə sadə dillə desək, içdən-içə ölçülən yaşayış sahəsidir.
Bəzi hüquqi sənədlərdə isə əlavə olaraq ümumi sahə də göstərilir.
Yəni alıcı əvvəlcədən bilir: ümumi tikinti sahəsi neçə kvadratmetrdir, istifadə edə biləcəyi yaşayış sahəsi neçə kvadratmetrdir.
İsveçrədə heç kim heç nəyi gizlətmir.
Azərbaycanda problem nədən ibarətdir?
Azərbaycanda insanlar adətən belə düşünür.
Mən 120 kvadratmetr üçün pul ödəyirəmsə,
deməli 120 kvadratmetr istifadə etməliyəm.
Sonra isə məlum olur ki,
120 kvadratmetrin təxminən
10–15 faizi divarlardır. Bu isə 20-30 min manat, bəzən isə daha çox para deməkdir.
Nəticədə insanın istifadə etdiyi sahə bəzən 120 yerinə cəmi 105–108 kvadratmetr olur.
Narazılıq da elə buradan başlayır.
Əslində problem divar deyil.
Problem məlumatın necə təqdim olunmasıdır. Yəni mənzili satan əvvəlcədən alıcını bilərəkdən ətraflı şəkildə həm yazılı, həm də şifahi şəkildə məlumatlandırmır.
Mədəni dünya bu problemi necə həll edib?
İsveçrədə,
Almaniyada,
Böyük Britaniyada
və digər inkişaf etmiş ölkələrdə alıcı müqavilə bağlayarkən aydın şəkildə görür:
ümumi tikinti sahəsi neçə kvadratmetrdir
istifadə edilən yaşayış sahəsi neçə kvadratmetrdir
balkon neçə kvadratmetrdir
zirzəmi və ya anbar daxil edilibmi.
Yəni alıcı nə aldığını bilir.
Şirkət də sonradan "biz belə hesablamışıq" deyə bilməz.
Azərbaycan üçün təklif
Məncə, Azərbaycanda da bu mübahisəyə son qoymağın vaxtıdır.
Qanunla müəyyən edilməlidir ki, bütün tikinti şirkətləri müqavilədə iki rəqəmi mütləq göstərsinlər:
Birinci: ümumi tikinti sahəsi (Gross Area).
İkinci: faktiki istifadə edilən yaşayış sahəsi (Net Area).
Ondan sonra istəyən ümumi daxili sahə üzrə alsın.
İstəyən xalis yaşayış sahəsi üzrə.
Əsas odur ki, alıcı aldığını dəqiq bilsin.
Çünki problem divarın haradan ölçülməsində deyil.
Problem vətəndaşın nə üçün pul ödədiyini bilməməsindədir.
Və mədəni dünyanın təcrübəsi də göstərir ki, tikinti bazarında ən vacib məsələ kvadratmetrin necə hesablanması deyil, şəffaflıqdır.
Mənzil insanın həyatında etdiyi ən böyük maliyyə yatırımlarından biridir. Belə bir alışda hər kvadratmetrin necə hesablandığı açıq, aydın və hamı üçün eyni qaydada göstərilməlidir. Məhz buna görə inkişaf etmiş ölkələrdə əsas prinsip təkcə ölçmə üsulu deyil, alıcının tam məlumatlandırılması və hüquqlarının qorunmasıdır. Bu yanaşma Azərbaycanda da tətbiq olunsa, illərdir davam edən "içdən-içə, yoxsa çöldən-çölə?" mübahisəsi böyük ölçüdə aradan qalxar...
Elbeyi Hesenli












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru