Analitiklər bu ilin ən perspektivli 10 səhmini açıqlayıb
Bu gün, 16:44

2026-cı ildə hansı səhmlərin yüksəliş göstərəcəyi investorların ən çox maraqlandığı mövzulardan biri olaraq qalır. Analitiklərin fikrincə, düzgün investisiya seçimi maliyyə uğuru ilə uğursuzluq arasındakı fərqi müəyyən edə bilər.
2026-cı ildə ən güclü nəticə göstərəcəyi gözlənilən 10 tanınmış şirkətin siyahısı hazırlanıb.
Analitiklərin diqqət çəkdiyi şirkətlər bunlardır:Siyahıda yer alan şirkətlərin əksəriyyəti süni intellekt, məlumat mərkəzləri və yüksək texnologiyalar sahəsində fəaliyyət göstərir.
* "Adobe"
* "Advanced Micro Devices" (AMD)
* "Alphabet"
* "Amazon"
* "Meta"
* "Micron Technology"
* "Nvidia"
* "SanDisk"
* "Visa"
* "Western Digital"
Məlumata görə, "Adobe" 2025-ci ildə bazar dəyərinin 20%-ni itirsə də, təkrarlanan gəlirlərinin sabitliyi və nisbətən aşağı qiymətləndirilməsi səbəbindən 2026-cı ildə daha güclü nəticələr göstərə bilər.
"AMD" isə süni intellekt və məlumat mərkəzləri bazarında "Nvidia"nın əsas rəqiblərindən biri kimi qiymətləndirilir. Şirkətin prosessor və süni intellekt sürətləndiriciləri portfelinin genişlənməsi onun səhmlərinə dair müsbət proqnozları gücləndirib.
"Alphabet"in rəqəmsal reklam bazarındakı lider mövqeyi, həmçinin "Google Search", "YouTube" və bulud xidmətlərində süni intellekt texnologiyalarını geniş tətbiq etməsi şirkətin səhmlərinin artım potensialını dəstəkləyən əsas amillərdən hesab olunur.
"Amazon"un da süni intellekt və avtomatlaşdırma texnologiyalarına iri həcmli investisiyalarının 2026-cı ildə şirkətin bazar göstəricilərinə müsbət təsir edəcəyi gözlənilir.
"Meta" analitiklərin "Möhtəşəm yeddilik" adlandırdığı texnologiya şirkətləri sırasında yer alır. Şirkətin süni intellekt, rəqəmsal reklam və uzunmüddətli metavers layihələrinə yatırımları onun gələcək artımını dəstəkləyən əsas istiqamətlər hesab edilir.
"Micron Technology" son dövrlərdə süni intellekt sistemlərində istifadə olunan yüksək ötürmə qabiliyyətli yaddaş çiplərinə artan tələbat sayəsində sürətli inkişaf nümayiş etdirir. Analitiklər hesab edirlər ki, şirkət 2026-cı ilin sonuna qədər bazarın aparıcı oyunçularından birinə çevrilə bilər.
Süni intellekt infrastrukturunun əsas təchizatçılarından olan "Nvidia"nın qrafik prosessorları (GPU) müasir məlumat mərkəzlərinin əsas komponentlərindən biri hesab olunur. Ekspertlər şirkətin gəlirlərinin süni intellektə yatırımların artması fonunda yüksəlməyə davam edəcəyini proqnozlaşdırırlar.
"SanDisk"in isə yaddaş məhsullarına qiymətlərin yaxşılaşması və yüksək məhsuldarlıqlı fleş yaddaş texnologiyalarına artan tələbat hesabına 2026-cı ildə səhmlərinin yüksəliş göstərəcəyi gözlənilir.
"Visa"nın davamlı mənfəət artımı, güclü pul axını, dividend ödənişləri və səhmlərin geri alınması proqramları şirkətin bazar dəyərinin artımını dəstəkləyən əsas amillər kimi göstərilir.
"Western Digital" isə süni intellekt tətbiqlərinin genişlənməsi nəticəsində ənənəvi sərt disklərə və məlumat saxlama həllərinə tələbatın artması fonunda analitiklərin diqqət mərkəzindədir. Ekspertlər şirkətin səhmlərinin 2026-cı ilin qalan hissəsində yüksəliş potensialına malik olduğunu bildirirlər.

