"Apple"ın qərarından sonra məşhur batareya istehsalçısı iflas həddinə çatdı

Bu gün, 17:24           
"Apple"ın qərarından sonra məşhur batareya istehsalçısı iflas həddinə çatdı
Almaniyanın batareya istehsalçısı "Varta" maliyyə böhranının dərinləşməsi fonunda müflislik proseduruna başlanılması üçün məhkəməyə müraciət edib.

Bu barədə "Reuters" agentliyi məlumat yayıb.

"VARTA AG son rüblər ərzində ciddi çətinliklərlə üzləşib", deyə şirkətin baş icraçı direktoru Mixael Ostermann bildirib.

Şirkətin məişət batareyaları istehsal edən gəlirli bölməsi – "Varta Consumer Batteries" – ayrıca hüquqi şəxs olduğundan müflislik proseduruna daxil edilməyib. Bununla yanaşı, ana şirkətlə birlikdə "Varta Microbattery", "Varta Micro Production" və "Varta Storage" adlı üç əməliyyat törəmə müəssisəsi üzrə də ayrıca müraciətlər edilib.

Şirkət bildirib ki, bu addımın atılmasına səbəb hazırkı ödəniş qabiliyyətinin itirilməsi deyil, 2027-ci ildən etibarən gözlənilən struktur maliyyə çatışmazlığıdır. "Varta" hazırda öhdəliklərini yerinə yetirə bilməməsi ilə bağlı birbaşa risk görmədiyini vurğulayıb.

Şirkət fəaliyyətini davam etdirir və əməkdaşların maaşları əvvəlki qaydada ödəniləcək.

"Varta" qeyd edib ki, bazar şəraitinin pisləşməsi, tələbatın azalması, valyuta məzənnələrinin əlverişsiz dəyişməsi, eləcə də əsas müştərilərdən birinin əməkdaşlığı dayandırması şirkətin fəaliyyətinə mənfi təsir göstərib.

"Reuters"in məlumatına görə, söhbət "Apple" şirkətindən gedir. Bildirilir ki, "Apple" "AirPods" qulaqlıqları üçün istifadə etdiyi "CoinPower" batareyalarını artıq Çindən tədarük etmək qərarına gəlib.

Şirkətin səhmdarları arasında yer alan "Porsche AG" və avstriyalı investor Mixael Toyner isə "Varta"ya əlavə maliyyə dəstəyi verməkdən imtina ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru