İran-Ukrayna xəttində gərgin telefon danışığı: Əraqçı Kiyevdən təzminat tələb etdi

Bu gün, 10:18           
İran-Ukrayna xəttində gərgin telefon danışığı:
Ukrayna xarici işlər nazirinin vəzifələrini icra edən Andriy Sibiqa Xəzər dənizində İran gəmisinə endirilən zərbədən sonra Tehranın səsləndirdiyi hədələr fonunda İranın xarici işlər naziri Abbas Əraqçı ilə telefon danışığı aparıb.

Oxu.Az xəbər verir ki, bu barədə Ukrayna diplomatiyasının rəhbəri "X" sosial şəbəkəsində paylaşım edib.

Sibiqanın sözlərinə görə, söhbət səmimi atmosferdə keçib və onun əsas məqsədi gərginliyin daha da artmasının qarşısını almaq olub.

"Hətta çətin məqamlarda belə, diplomatiya birbaşa dialoq deməkdir. Mən vurğuladım ki, məqsədimiz gərəksiz gərginlikdən yayınmaqdır", - deyə nazir bildirib.

Danışıqlar zamanı Sibiqa qeyd edib ki, Ukraynanın bütün hərəkətləri yalnız ölkəni Rusiyanın təcavüzündən qorumağa yönəlib və heç vaxt mülki gəmiləri və ya dinc sakinləri hədəf almayıb. O, həmçinin İranın öz vətəndaşının həlak olması və son insident zamanı mülki gəmiyə hücum edilməsi ilə bağlı bəyanatlarına münasibət bildirib.

XİN rəhbəri vurğulayıb ki, baş verən bütün hadisələrin əsas səbəbi Rusiyanın təcavüzüdür və təxribatlara, eləcə də insan tələfatına görə məsuliyyət məhz Rusiyanın üzərinə düşür.

Bundan əlavə, Ukrayna rəsmisi İranı gərginliyin daha da kəskinləşməsinə səbəb ola biləcək hər hansı addımlardan çəkinməyə, həmçinin Rusiyanın Ukraynaya qarşı apardığı müharibəyə verdiyi dəstəyi dayandırmağa çağırıb.

İranın xarici işlər naziri isə vurğulayıb ki, Ukraynanın xarici Kiyev Xəzər dənizində İran gəmisinə endirilən zərbə nəticəsində dəymiş zərəri kompensasiya etməlidir.

"İran eskalasiyaya can atmır, lakin vətəndaşlarımıza və ya maraqlarımıza qarşı istənilən hücumun qəbuledilməz olduğunu açıq şəkildə bəyan edib. Dəymiş zərər ödənilməlidir", - deyə İran XİN rəhbəri qeyd edib.

Əraqçının sözlərinə görə, Sibiqa ona hücumun qəsdən törədilmədiyini və Kiyevin gərginliyin daha da artmasını istəmədiyini bildirib.

Xatırladaq ki, İran Xarici İşlər Nazirliyi iyulun 25-də Ukraynanın Xəzər dənizində, Rusiyanın ərazi sularında İranın ticarət gəmisinə zərbə endirdiyini açıqlamışdı. Hadisə nəticəsində ekipaj üzvlərindən biri həlak olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru