Tibbi preparat idxalı adı ilə şirkət rəhbərinin milyonlarla manatlıq dələduzluq əməli - MƏHKƏMƏ
Bu gün, 15:16

Bakı Apellyasiya Məhkəməsində özünü tibbi preparat və tibbi ləvazimatların idxalı ilə məşğul olan iş adamı kimi təqdim edərək çoxsaylı şəxslərin külli miqdarda pul və əmlakını ələ keçirməkdə təqsirləndirilən Əşrəf Əmirzadənin (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə, Əşrəf Əmirzadə Bakıda fəaliyyət göstərən MMC-lərdən birinin direktoru vəzifəsində çalışarkən qulluq mövqeyindən istifadə etməklə müxtəlif şəxslərin etibarını qazanıb. O, Rusiya, Pakistan, İran və Türkiyədən tibbi preparatlar və tibbi ləvazimatlar gətirərək satışını təşkil edəcəyini, əldə olunacaq gəlirlə birlikdə yatırılan vəsaiti geri qaytaracağını vəd edib. Lakin istintaqın qənaətinə görə, həmin vədlər əvvəlcədən yalan olub və məqsəd zərərçəkmişlərin pul və əmlakını ələ keçirməkdən ibarət olub.
Cinayət işinin materiallarına əsasən, ilk zərərçəkmişlərdən biri müxtəlif vaxtlarda təqsirləndirilən şəxsə ümumilikdə 141 100 manat məbləğində pul verib. Bildirilir ki, vəsaitin bir hissəsi ABŞ dolları şəklində, digər hissəsi isə notariat kontorunda nağd qaydada təqdim olunub. Əşrəf Əmirzadə bu pulları xaricdən dərman preparatlarının gətirilməsi və satışından gəlir əldə ediləcəyi vədi ilə alıb, lakin öhdəliyini yerinə yetirməyib.
İttiham aktına görə, daha bir zərərçəkmiş tibbi ləvazimatların topdansatışı ilə məşğul olub. Təqsirləndirilən şəxs müxtəlif tarixlərdə ondan şampun, hamiləlik testləri, tanometrlər, sistem şlanqları, şprislər, yara bantları, qoruyucu vasitələr, inqalyatorlar, qliserol preparatları, yod və digər tibbi məhsullar götürüb.
İstintaqın hesablamalarına görə, müxtəlif partiyalar şəklində götürülən məhsulların ümumi dəyəri 385 430 manat təşkil edib. Bildirilir ki, mallar satıldıqdan sonra ödəniş ediləcəyi vəd olunsa da, zərərçəkmişə heç bir vəsait qaytarılmayıb.
Cinayət işi üzrə digər epizodlarda göstərilir ki, Əşrəf Əmirzadə müxtəlif iş adamlarına Pakistan, İran və digər ölkələrdən tibbi preparatlar gətirəcəyi, investisiyaların qısa müddətdə yüksək gəlirlə geri qaytarılacağı barədə vədlər verib.
İttihama əsasən, bir zərərçəkmişdən 42 000 ABŞ dolları (71 min 400 manat), digərindən ümumilikdə 170 000 manat, başqa bir şəxsdən 492 000 manat, növbəti zərərçəkmişdən 85 000 manat, digər şəxsdən 68 000 manat, daha bir sahibkardan 136 000 manat, başqa bir investordan 200 500 manat, sonuncu zərərçəkmişdən isə 52 700 manat məbləğində vəsait alınıb.
İstintaq orqanının mövqeyinə görə, bu pulların heç biri nəzərdə tutulan məqsədlə istifadə edilməyib və zərərçəkmişlərə qaytarılmayıb.
İttihama əsasən, təqsirləndirilən şəxs iki MMC arasında bağlanmış müqavilədən istifadə edərək tibbi vasitələrin satışı adı ilə ümumilikdə 214 650 manat dəyərində məhsulu təhvil alıb. Lakin ödəniş edilmədiyi üçün həmin şirkətə də külli miqdarda maddi ziyan dəydiyi bildirilir.
Əşrəf Əmirzadə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (qulluq mövqeyindən istifadə etməklə külli miqdarda dələduzluq) ilə ittiham olunur.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 8 il 5 ay 22 gün müddətinə azadlıqdan məhrum edilib.

