Türkiyəli sürücülər Naxçıvan yol polisinin cərimə adı altında onları hədələyərək rüşvət aldığını iddia edirlər.

Bu gün, 00:06           
Türkiyəli sürücülər Naxçıvan yol polisinin cərimə adı altında onları hədələyərək rüşvət aldığını iddia edirlər.
Onların sözlərinə görə, polis əməkdaşları özlərini o qədər arxayın aparırlar ki, alınan pulu hətta bankomat vasitəsilə şəxsi hesablara köçürtdürməkdən belə çəkinmirlər.
Bu barədə “Gündəlik Naxçıvan”a danışan sürücülər bildirirlər ki, polis əməkdaşları pul almaq üçün onları etmədikləri qayda pozuntularında günahlandırırlar.
Türkiyəli sürücü Adem Yol deyir ki, yük avtomobili ilə Şahtaxtı–Sədərək yolu ilə hərəkət edərkən yol polisi əməkdaşları tərəfindən saxlanılıb. Onun sözlərinə görə, heç bir qayda pozuntusuna yol verməsə də, polis əməkdaşları radar cəriməsinin olduğunu bildiriblər. Daha sonra onu xidməti avtomobillə Sədərəkdəki Birbank bankomatlarından birinə apararaq 73 manatı göstərdikləri şəxsi hesaba köçürməsini tələb ediblər:
“Yolda məni saxlayıb radar cəriməmin olduğunu dedilər. Mən də cəriməni rəsmi qaydada ödəmək istədiyimi bildirdim. Ancaq mənə nə radar görüntüsü göstərdilər, nə də protokol təqdim etdilər. Sonra məni polis avtomobili ilə Sədərəkdəki bankomata apardılar. Dedilər ki, 73 manatı göstərdikləri hesaba köçürüm, bundan sonra cərimə sistemdən silinəcək.
Pulu köçürdüm, amma mənə rəsmi cərimə qəbzi verilmədi. Bankomat qəbzində isə pulun dövlət hesabına deyil, şəxsi hesaba köçürüldüyü görünürdü. Mən sonradan başa düşdüm ki, bu, rəsmi cərimə ödənişi olmayıb”.
Adem Yol deyir ki, hadisədən sonra Azərbaycanın Kars şəhərindəki konsulluğuna müraciət edərək baş verənlər barədə məlumat verib. Lakin onun sözlərinə görə, müraciətindən sonra məsələ ilə bağlı hər hansı araşdırma başladılmayıb:
“Baş verənlərdən sonra konsulluğuna müraciət etdim. Onlara həm hadisəni danışdım, həm də bank qəbzini göstərdim. Mənə dedilər ki, məsələ ilə maraqlanacaqlar. Ancaq üzərindən vaxt keçməsinə baxmayaraq, mənə heç bir nəticə bildirilmədi. Bildiyim qədərilə, məsələ ilə bağlı araşdırma da başladılmayıb.
Mən istəyirəm ki, bu hadisə araşdırılsın və başqa sürücülərin də başına eyni şey gəlməsin. Naxçıvan hüuq-mühafizə orqanları istəsələr təqdim etdiyim bank qəbzindən pulun kimə köçürüldüyünü rahat tapa bilərlər”.
Digər türkiyəli sürücü Zeynal Yılmaz isə Kəngərli rayonu ərazisində ondan da cərimə adı altında pul alındığını bildirir. Onun sözlərinə görə, polis əməkdaşları etmədiyi ötmə qaydası pozuntusunu əsas gətirərək hədə-qorxu ilə 50 manatını alıblar:
“Polislər məni saxlayıb guya ötmə qaydasını pozduğumu dedilər. Halbuki yolboyu heç bir avtomobil yox idi və mən də heç kimi ötməmişdim. Mənə hədə-qorxu gələrək 50 manat aldılar. Qəbz istəyəndə isə yenidən hədələyib yola saldılar”.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru