"Nvidia" süni intellekt təhlükəsizliyi üçün nəhəng şirkətlərlə ittifaq yaratdı
Bu gün, 16:34

ABŞ-ın çip istehsalçısı "Nvidia" süni intellektin təhlükəsiz və məsuliyyətli istifadəsini təşviq etmək məqsədilə "Açıq Təhlükəsiz Süni İntellekt Alyansı"nı (Open Secure AI Alliance) yaratdığını açıqlayıb.
Valyuta.az xəbər verir ki, şirkətin yaydığı məlumata görə, alyans açıq texnologiyalardan istifadə etməklə süni intellekt sistemlərindəki təhlükəsizlik boşluqlarını aşkar etməyi və aradan qaldırmağı hədəfləyir.
Açıqlamada bildirilib ki, yaxın zamanda "Hugging Face" platformasında baş verən təhlükəsizlik pozuntusu kibermüdafiə sahəsində fəaliyyət göstərən qurumların öz infrastrukturunda işlədə biləcəyi açıq mənbəli və inkişaf etmiş süni intellekt alətlərinə ehtiyac olduğunu göstərib.
Şirkət qeyd edib ki, dövlətlərin və özəl sektorun etibarlı, açıq və müasir müdafiə vasitələrinə malik olması kibertəhlükəsizliyin gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır.
Alyansın əsas məqsədi dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən kibermüdafiə mütəxəssislərinin etibar edə və tam nəzarət edə biləcəyi açıq mənbəli süni intellekt alətlərinə çıxışını təmin etməkdir.
İttifaqa çoxsaylı qlobal şirkətlər qoşulub
"Nvidia"nın məlumatına əsasən, bulud texnologiyaları, kibertəhlükəsizlik, korporativ proqram təminatı, açıq mənbə layihələri və süni intellekt tədqiqatları sahəsində fəaliyyət göstərən çoxsaylı şirkət və təşkilatlar alyansın ilk tərəfdaşları sırasındadır.
Onların arasında "Adobe", "Cadence", "Capital One", "Cisco", "Cloudera", "Cloudflare", "Cognition", "CrowdStrike", "Databricks", "Dell Technologies", "DoorDash", "Elastic", "HPE", "Hugging Face", "IBM", "LangChain", "Linux Foundation", "Microsoft", "NAVER", "NetApp", "Nous Research", "OpenClaw", "Palantir", "Palo Alto Networks", "Red Hat", "Reflection AI", "Salesforce", "SAP", "ServiceNow", "Siemens", "SK Telecom", "Snowflake", "SpaceXAI", "Synopsys", "Thinking Machines Lab" və "TrendAI" yer alır.
Diqqət çəkən məqam isə süni intellekt sahəsinin aparıcı şirkətlərindən olan "OpenAI", "Anthropic" və "Google"un açıqlanan tərəfdaşlar siyahısında yer almamasıdır.

