Çip sektorundakı qlobal satış dalğası "Bitcoin"i də ucuzlaşdırdı
Bu gün, 17:34

Asiya fond bazarlarında çip sektoru səhmlərində müşahidə olunan kəskin satış dalğası kriptovalyuta bazarına da təsir edib.
Nəticədə dünyanın ən böyük kriptovalyutası olan "Bitcoin" 65 min dollardan 63 min dollara qədər geriləyib.
Çin şirkətlərinin çip texnologiyaları sahəsində əldə etdiyi irəliləyişlər və yeni uğurları investorların diqqətini cəlb edib. Xüsusilə, Çinin yaddaş çipləri istehsalçısı "ChangXin Memory Technologies" şirkətinin birjada debütündən sonra səhmlərinin 466% bahalaşması bazarlarda Çinin süni intellekt və yarımkeçirici sənayesində mövqeyini gücləndirdiyi qənaətini formalaşdırıb.
Bu inkişaf isə rəqib ölkələr olan Cənubi Koreya və Yaponiya bazarlarında əks təsir yaradıb. Cənubi Koreyanın əsas fond indeksi KOSPI 8%-dən çox ucuzlaşıb və bu il artıq səkkizinci dəfə ticarət dayandırıcı mexanizm (circuit breaker) işə düşüb.
ABŞ-də yaxın günlərdə birjaya çıxan Cənubi Koreyanın aparıcı çip və yaddaş istehsalçılarından SK Hynix şirkətinin səhmləri 10% dəyər itirib. Şirkətin ABŞ-də ticarət olunan səhmləri də ilkin yerləşdirmə qiymətinin altına düşüb.
Digər texnologiya nəhəngi "Samsung Electronics" də təxminən 10% ucuzlaşıb. SK Hynix və Samsung birlikdə KOSPI indeksinin yarıdan çoxunu təşkil etdiyindən, bu şirkətlərin ucuzlaşması Cənubi Koreya fond bazarına ciddi təzyiq göstərib.
Yaponiyanın əsas fond indeksi "Nikkei" isə 4% geriləyib.
Fond bazarlarındakı mənfi dinamika kriptovalyuta bazarına da təsirsiz ötüşməyib. Həftəyə 65 min dollardan yuxarı başlayan "Bitcoin" Asiya bazarlarından gələn xəbərlər fonunda 63 min dollar səviyyəsinə qədər enib.
Bununla yanaşı, ABŞ və İran arasında geosiyasi gərginliyin azalması, eləcə də Brent markalı neftin qiymətinin 87 dollara qədər geriləməsi bazarlarda müsbət əhval-ruhiyyə yaratmayıb.
Qiymətli metallar bazarında da ciddi dəyişiklik qeydə alınmayıb. Qızılın bir unsiyasının qiyməti 4 050 dollar səviyyəsində qalıb.
ABŞ-nin çip istehsalçısı "Nvidia" şirkətinin səhmləri isə günü 6%-dən çox enişlə başa vurub.

