Siyasi-iqtisadi platformadan qlobal güc mərkəzinə doğru
7-10-2025, 16:07

Türk dünyasının birliyi, bərabərliyi və həmrəyliyi bütün dünyada sülhə, əməkdaşlığa, təhlükəsizliyə rifaha, tərəqqiyə böyük töhfələr verəcək. Oktyabrın 6-7-də Qəbələdə keçirilən XII Zirvə görüşü bu istiqamətdə yeni səhifə açacaq.
XXI əsr türk əsridir. Türk dünyası bir olduqca daha da güclü olur. Türk Dövlətləri Təşkilatı Avrasiyanın xəritəsində artıq güclü siyasi-iqtisadi mərkəzə çevrilir. Qlobal müstəvidə türk dövlətlərinin təsirini artırmaq istiqamətində strateji addımlar atılır. Bu mənada Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının XII Zirvə görüşünün mövzusu “Regional sülh və təhlükəsizlik” olaraq açıqlanması xüsusi ilə diqqəti çəkir.
Qəbələ Zirvə görüşündə TDT-yə üzv və müşahidəçi ölkələrin dövlət və hökumət başçıları - Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğızıstan Prezidenti Sadır Japarov, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov, Macarıstanın Baş naziri Viktor Orban, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev iştirak ediblər.
Türk dövlətləri birliyinin təməlinin qoyulmasının, kökündə xalqların etnik köklərə malik olmaları, dil birliyi, milli ənənələrin yaxınlığı, bir-birinə oxşarlığı, türkdilli xalqların ənənəvi dəyərlərə sadiqliyi, zəngin və qədim tarixi, ortaq mədəniyyəti, tarixi keçmişi, Türk dövlətlərini sıx birləşdirən xalqların qarşılıqlı səmimi dostluq münasibətləri, liderlərin siyasi iradəsi, siyasi, iqtisadi, coğrafi məkan, demoqrafik vəziyyət, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səyləri, zəngin təbii resursları, onların nəqli üçün müasir infrastrukturların yaradılması, Mərkəzi Asiyanı, Qafqazı, Avropanı birləşdirən nəqliyyat dəhlizlərinin yaradılması zərurəti dayanır. Lakin bu birliyin inkişafına güclü təkan verən, təşkilatın daha sıx formalaşmasını intensivləşdirən tarixi hadisə məhz Azərbaycanın qırx dörd günlük Vətən müharibəsindəki tarixi Zəfəridir. Bu tarixi Qələbə, həmçinin bir günlük antiterror əməliyyatı yalnız Azərbaycan xalqının deyil, bütöv Türk dünyasının qürurunu artırdı, özünəinamını qaytardı, kimliyini dərk etdirdi. Rəşadətli Azərbaycan Ordusunun qazandığı parlaq Qələbədən sonra Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında əlaqələr və əməkdaşlıq daha da gücləndi və bu, bu gün yüksələn xətlə inkişaf edir. Bu gün türk dövlətləri təkcə mədəni, iqtisadi deyil, siyasi və digər sahələrdə də güclərini birləşdirir və inkişaf etdirirlər. Xüsusilə işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzurun mədəni irsinin bərpası istiqamətində Türk dövlətlərinin Azərbaycana dəstəyi, əslində, həm də böyük siyasi mahiyyət kəsb edir.
Qəbələ Zirvə toplantısındakı çıxışında Azərbaycan Prezidenti İlham Əliyev Qarabağ və Şərqi Zəngəzurun bərpasına qardaş ölkələrin dəstəyini qeyd edərək öz təşəkkürünü bildirib: “Füzulidə Mirzə Uluqbəy adına məktəb, Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Ağdamda Manas adına məktəb artıq fəaliyyətdədir. Bu, özbək, qazax, qırğız qardaşlarımızın hədiyyəsidir. Macar qardaşlarımızın hədiyyəsi Cəbrayılda tikilən məktəbdir. Türkmən qardaşlarımızın hədiyyəsi – bu gün təməli qoyulan Füzuli məscididir. Qardaş Türkiyənin şirkətləri bir çox tunellər, körpülər, yollar inşa edir. Azərbaycan xalqı bu qardaş dəstəyini heç vaxt unutmayacaq”.
Bu gün dünya nizamının yenidən formalaşdığı bir dövrdə TDT-i qtisadiyyat, ticarət, enerji, nəqliyyat-logistika, kənd təsərrüfatı, mədəniyyət, turizm, informasiya texnologiyaları, kosmik tədqiqatlar və digər istiqamətlər üzrə çoxtərəfli əməkdaşlıq inkişaf etdirilir. Həmçinin TÜRKPA, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, xüsusilə isə praktiki mərhələyə keçid üçün vacib olan Türk İnvestisiya Fondu kimi bağlı institutlar fəaliyyət göstərir. Son illərdə Mərkəzi Banklar Şurası, Yaşıl Maliyyə Şurası, nəqliyyat, gömrük, rəqəmsallaşma və təhlükəsizlik üzrə sahəvi dialoq mexanizmləri də yaradılıb.
12-ci Zirvə Görüşündə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatı çərçivəsində strateji əhəmiyyətə malik nəqliyyat və kommunikasiya əlaqələri barədə danışıb. Bildirib ki, Türk dünyasının nəqliyyat, kommunikasiya, tranzit və digər istiqamətlərdə potensialından istifadə məqsədilə görülən işlər qlobal əhəmiyyətli layihələrin icrasına gətirib çıxarıb.
Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır. Ölkəmiz Türkiyə ilə Mərkəzi Asiya arasında coğrafi, iqtisadi, nəqliyyat və digər sahələrdə körpü rolunu oynayır.
2022-ci ildən bəri Orta Dəhlizlə yükdaşımalar təqribən 90 faiz artıb. Dəhliz boyu tranzit müddətləri əhəmiyyətli dərəcədə azalıb. Xəzərin ən böyük ticarət donanması, yaxın illərdə gücü ildə 25 milyon tona çatacaq Ələt Beynəlxalq Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, 9 beynəlxalq hava limanı, regionun ən böyük yükdaşıma aviaşirkəti və digər amillər Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevirib.
Bu çərçivədə Vaşinqton Zirvəsinin digər mühüm nəticələrindən biri də Zəngəzur dəhlizinin açılmasıdır. Zəngəzur dəhlizi həm Orta Dəhliz, həm də Şimal-Cənub Dəhlizi çərçivəsində yeni nəqliyyat arteriyası və ikinci marşrut kimi mühüm əhəmiyyət kəsb edir.
Ölkə başçısı qeyd edib ki: “şaxələndirilmiş neft və qaz kəmərləri vasitəsilə Xəzər regionunun beynəlxalq bazarlara birləşdirilməsində strateji rol oynayırıq. Hazırda biz 14 ölkəyə təbii qaz ixrac edirik. Coğrafi əhatəsinə görə boru kəmərləri ilə təbii qaz ixrac edən ölkələr sırasında Azərbaycan birinci yerdədir.
Azərbaycan, həmçinin Günəş, külək və su elektrik enerjisi kimi bərpaolunan enerji mənbələrinə böyük sərmayələr cəlb edir. 2030-cu ilə qədər enerji istehsalımızın təxminən 40 faizi bərpaolunan mənbələr hesabına təmin ediləcək”.
TDT-yə üzv ölkələrlə Azərbaycan bir çox önəmli sərmayə layihələrini icra edib. Bu günə qədər qardaş ölkələrin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox vəsait qoyulub. Bunun əsas hissəsi Türkiyə iqtisadiyyatına qoyulmuş sərmayədir. Bununla bərabər, Azərbaycan Özbəkistanla, Qazaxıstanla, Qırğızıstanla birgə sərmayə fondları yaradıb. Bu fondlar vasitəsilə bir çox layihələr icra ediləcək.
Bu gün Azərbaycanın ciddi səyləri, əməli addımları sayəsində türk birliyi ən yüksək əməkdaşlıq zirvəsinə qalxıb. Türk dövlətləri dünyada baş verən bütün qlobal siyasi proseslərə, eləcə də təbii böhranlara qarşı birgə mübarizə aparırlar. Türk dünyasının birliyi, bərabərliyi və həmrəyliyi bütün dünyada sülhə, əməkdaşlığa, rifaha, tərəqqiyə böyük töhfələr verəcək. Türk Dövlətləri Təşkilatının Qəbələ Zirvə görüşü bu istiqamətdə yeni səhifə açacaq.
Altay Əliyev – Şəhid ailələri, əlillər və müharibə veteranlarının müdafiəsi İctimai Birliyinin fəxri üzvü

