İsveç ordusu 37 milyon dollarlıq müqavilə ilə kəşfiyyat və kamikadze PUA-ları alacaq

Bu gün, 09:24           
İsveç ordusu 37 milyon dollarlıq müqavilə ilə kəşfiyyat və kamikadze PUA-ları alacaq
İsveç Silahlı Qüvvələri ilk kamikadze Pilotsuz Uçuş Aparatlarını (PUA) almaq üçün Danimarkanın “Nordic Wing” şirkəti ilə 350 milyon İsveç kronu, yəni təxminən 37 milyon dollar dəyərində müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, bu barədə “Militarnyi” məlumat yayıb.

İsveç Silahlı Qüvvələri üçün ilk kamikadze PUA-larının alınması məqsədilə Danimarkanın “Nordic Wing” şirkətinə sifariş verilib. Müqavilə İsveç Müdafiə Təchizatı Administrasiyası vasitəsilə imzalanıb.

İsveç qurumunun məlumatına görə, müqavilənin dəyəri 350 milyon İsveç kronu, təxminən 37 milyon dollardır. Sistemlərin İsveç qüvvələrinə təhvilinin 2027-ci ilin ikinci rübündə həyata keçirilməsi planlaşdırılır.

Sifarişə ortaq proqram təminatı ilə işləyən “Astero ISR” kəşfiyyat PUA-sı və “Raptor 2” “gəzən sursat”ları daxildir. İsveç Müdafiə Təchizatı Administrasiyasının məlumatına görə, kəşfiyyat PUA-sı hədəfləri müəyyənləşdirəcək, bundan sonra bir və ya daha çox kamikadze PUA-sı həmin hədəflərə zərbə endirə biləcək.

Satınalma çərçivəsində noutbuklar və radio avadanlığı əsasında hazırlanmış idarəetmə stansiyaları, operatorların hazırlanması üçün simulyatorlar və sahədə istifadə edilə bilən texniki xidmət konteynerləri də alınacaq.

Sistemlərin əsasən İsveç quru qoşunları üçün nəzərdə tutulduğu bildirilib.

İsveç ordusunun Döyüş Məktəbinin rəhbəri Lennart Viderström bildirib ki, bu sistem xüsusilə yüngül bölmələr üçün yeni imkanlar yaradaraq yüksək effektivliyə malik döyüş bölməsinin uzaq məsafədə hədəfləri məhv etməsinə imkan verəcək.

Viderström İsveç qüvvələrinin yeni PUA-ları qəbul etməyə hazır olduğunu və onları müdafiə məqsədilə qısa müddətdə istifadə etməyə başlayacağını bildirib. “Biz bu imkanı istəyirik, çünki bu, müasir müharibənin təbii bir hissəsidir”, - deyə Viderström vurğulayıb.

İsveç Silahlı Qüvvələri bu satınalmanı ilk addım kimi qiymətləndirir. Qarşıdakı dövrdə müxtəlif istehsalçılardan əlavə insansız sistemlərin alınması planlaşdırılır.

“Militarnyi”nin məlumatına görə, kamikadze PUA-larının alınması qərarı İsveç hərbçilərinin yaxından izlədiyi Ukraynadakı müharibədən əldə edilən təcrübə ilə bağlıdır.

“Nordic Wing” şirkətinin PUA-ları artıq bir neçə ildir Ukrayna müdafiə qüvvələrinə də tədarük edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru