İSTEDAD, MÜKAFAT VƏ KOSMOPOLİTİZM TRENDİ (III hissə)

Bu gün, 10:34           
İSTEDAD,  MÜKAFAT VƏ KOSMOPOLİTİZM TRENDİ (III hissə)
Bu tarixən belə olub... Ədəbiyyatın adamı olub, hamıya qarşı sözünlə vuruşursan. Sözü yerdən tapmadığını bilib heç kimə güzəşt etmirsən və əbədi zirvəyə ucalırsan. Yaradıcı şəxslər hansısa çevrələrin müdafiəçisi deyillər, onlar sözün, xüsusilə azad sözün müdafiəçiləridirlər. Onlar doğru sözün təəsübünü çəkməlidirlər.
Elita ilə sözün tərs gəlir. Lümpenin düşüncəsinə enmirsən. Hökmdara sözünü deyirsən, amma onun sözün demirsən. Doğru sözdən çəkinirsən, hökmdardan çəkinmirsən. Beləliklə Sözün zirvəsinə ucalırsan.
Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Vilyam Folknerlə bağlı ibrətamiz bir olayda olduğu kimi... ABŞ prezidenti Con Kennedi və həyat yoldaşı nobel mükafatçıları üçün “Ağ Ev”də xüsusi ziyarət təşkil edirlər. Böyük yazıçı Folkner bu dəvətdə iştirakdan imtinasını konkret olaraq belə bildirir: "Nahar üçün ora getmək çox uzaq olardı".
Heç şübhəsiz ki, “sözün Allahı” olan Folkner burada “məsafə” olaraq ifadə etdiyi yaxın və uzaq olmanı siyasi çalar olaraq mənalandırmışdı. Əslində bununla da o azad düşüncəni məhdudlaşdıran siyasi təsir toruna düşməmək üçün böyük yazıçı olmağı seçdi. Hakimiyyətlə qoyub-boyun gəzməyi yox, azad sözün müdafiəsi üçün heç kimə, o cümlədən Con Kennediyə güzəştə getməməyini ifadə etdi. Heç şübhəsiz ki, bir naharla, bir kofe içməklə və bir mürəbbəli çaya qonaq olmaqla heç kimi prinsiplərini satmır. İnsani münasibətləri qorumaq böyük insanların ruh işidir.
Təbii ki, Con Kennedi ilə görüşdə Folknerin “saqqızı” oğurlanmayacaqdı, amma onun bir yazar olaraq bir neçə sözdən ibarət olan lakonik olaraq yazdığı cavab onun yazıçı düşüncəsini və dəyərlərini ifadə edirdi. Hakimiyyətlə olduğu qədər müxalifətlə, toplumun müxtəlif sosial qrupları arasındakı məsafəli davranmağın ən qızıl həddinə vurğu salırdı. Heç kimin adamı olmursan, sözün adamı və ədəbiyyatın xidmətçisi olsan, bu yetər...
Biz bilmirik ki, Ə.Əylisli cırtdan padşahlarla təmasda bu məsafəni qoruya bilərdimi, ya yox, bunu bilmirik... Naxçıvandan deputat “seçiləndə” “xan”la belə görüşdən imtina edə bilərdimi?
Naxçıvanlı seçicilərin səslərinə səs verdimi?
2009-cu il... Bənəniyar hadisələri qorxunun yaratdığı dərin sarsıntılarla yaddaşlarda qaldı. Əliyalın kənd əhalisi bir ziyalı, deputat sözünə ehtiyac içində qıvrılırdı. Acılarını yeyirdi, ağrılarını içinə atırdı, ağzı qanlı vəziyyətdə tüpürcəyin udurdu, amma bircə dərdini deyəcək adam tapmırdı. Vaxtılə o yerin adamlardan, o yerin ağaclardan yazan Əkrəm Əylisili də onları dinləmirdi...
Parlamentdə səslərini yox, fəryadların çatdırmırdı.
Qorxu qığılcım kimi saçırdı. Ə.Əylisli yazıçı olaraq Folkner ola bilmirdi, amma millət vəkili də ola bilmədi. Halbuki həm ədəbiyyatın, həm də millət vəkilinin əsas işi yalanın əl-üzünü yumaq deyil, qorxunu aradan qaldırmağa xidmət edən düşüncə tirajlamaqdır.
Vaxtı ilə Vilyam Folkner də nobel nitqində deyirdi ki, ədəbiyyatın işi insanın qorxularını artırmaq deyil, əksinə ruhunu ayaqda saxlamaqdır.
Avropa və Qərb demokratiyasında ədəbiyyat nəhənglərinin axına qarşı üzmək cəsarətlərinin bir ənənəyə söykəndiyini düşünə bilərsiniz. Lakin possovet məkanında da yaradıcı şəxslərin oxşar cəsarətlərindən xeyli nümunələr götürmək olar. Gürcüstanın eksprezidenti M.Saakaşvilini həbsxana da dəstəyini ifadə edən xeyli yaradıcı elita üzvləri var idi. Onların sırasında Gürcüstanın tanınmış ictimai xadimi, kinorejissor, ssenarist və bəstəkarı Vaxtanq Kikabidze ölümündən az əvvəl həbsxanada Saakaşvilini ziyarət etməsi bu konteksdə başqa bir özəllikdir. Bizdə hansı ədəbiyyat adamı hakim elitanın persono-non-qrant hesab etdiyi şəxsi ictimai dəstəyini ifadə edə biləcək cəsarətini gördünüz? Barmaqla sayılacaq Ayaz Arabaçı, Mübariz Məsimoğlu, Eldəniz Quliyev və dayanacaqsınız...
Sözü eşidilən ziyalı, yaradıcı şəxs tərəf olmalı deyil, hakim olmalıdır. Siyasətə bulaşmamalı və siyasətdən isə tam təcrid olunmamalıdır. Siyasətə bulaşanda siyasi tərəfi və təəsübü formalaşır. Siyasətdən təcrid olunanda isə kabinet mütəxəssisinə çevrilir. Siyasi heysiyyatı və həssasiyyəti olmalıdır ki, fərqindəlilik yaransın. Reaksiya bildirmək və qınamaq haqqını özündə saxlasın.
“Yalquzaq” və “Muncuq oyunu” kimi möhür əsərləri ədəbiyyatda dərin izlər buraxmış Herman Hesse siyasətlə yaradıcı şəxs olaraq özü arasındakı məsəfani nəzərdə tutaraq yazırdı: “Mənim vəzifəm və məsləyim insanlığın məndən istədiyi vəzifə və məsləkdir. Bunun hər ikisi vacibdir, lakin onun hər ikisini eyni vaxtda xidmət etmək imkanım yoxdur. Siyasət bir partiya işidir, insanlıqsa partiyalaşmaya yaxşı baxmır.”
Həm məlum hadisələr, həm də “Daş yuxuları”ı Ə.Əylislinin 60-70-ci illərdə ədəbiyyat camiəsində və sovet oxucusunun gözündə qazandığı ədəbi avtoritetini çılık-çilik etdi. Ədəbiyyatçının tərif gözü tənqid gözündən ağır çəkdisə, onun tərəzisinə heç kim inanmaz. Ə.Əylisli uzaqbaşı yazıçı Anarın Yazıçılar Birliyində sədrliyini tənqid edə bildi. Bunun da motivinin şəxsi köklərinin olduğunu da hamı bilir... Tənqidin haqlı tərəfini artıq Salam Sarvan da deyər, Əjdər Ol da...
*****
Ə.Əylislinin düşdüyü indiki vəziyyət gerçəkdən ürəkağrıdıcıdır. “Daş yuxuları”nı bəhanə edib onunla ədavət aparırlar. Rəsmi dairələrin ona qarşı böyük siyasi kini var və bunu hiss etməmək mümkün deyil. “Daş yuxuları” trilogiyasının “Tıxac”nın da buna mühüm təsiri var. Ona görə qəzəblənib onu Azərbaycan ədəbiyyatından keçmişindəki bir balaca küncündə yer saxlayıb, bütün yaradıcılığını büsbütün siliblər.
Ədalət hissimizi itirmədən deyə bilərik ki, Ə.Əylislinin qazandığı bu mükafatdan daha böyüyü – Buker, Nobel mükafatları da olsaydı belə bu onu cəmiyyətin gözündə ucaltmaqda çətinlik çəkəcəkdi. Əslində cəmiyyətimizin onun əsərinə verilən bu mükafata - qiymətə laqeydliyi ictimai rəyin təzahürüdür. Hökumət Ə.Əylislini özününkü saymır, cəmiyyət isə ona özünün doğma yazarı kimi baxa bilmir. “Yuxarılar” bəyənmir, “aşağılar” da qəbul etmir. Toplumun içində tənhalaşıb. Mükafat da onu xilas etmir, xarici dəstək də...
Müdafiə zəminində dəstək yazıları da onu reabiltasiya etmir.
Bir yazarın faciəsin yaşayır. Çətindir və ağrılıdır. Tam da açılmamış ədəbi potensial baxımından Əkrəm Əylisli bu qədər istedadı ilə cəmiyyətimizə xidmət edə bilərdi, amma o istedadı ilə uğur yolunu doğru müəyyənləşdirə bilmədi.
Amma bir paradoks da var... Onu da mütləq deməliyik və dərk etməliyik. Doğrudur, Ə.Əylisli yazdıqlarının bədəlin ödəyir, amma heç nə yazmayanlar isə susqunluqlarının mükafatlarını alırlar, yetişdirmədikləri ağacların meyvələrin yeyirlər. Ə.Əylislinin “60-cılar”dan fərqli “ağ qarğa” edən də elə budur...
Məmməd Talıblı












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru