Azərbaycan etibarlı tərəfdaşdır
9-01-2026, 07:14

2022-ci il yanvarın 13-də Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının Gülüstan sarayında təməlqoyma mərasimi keçirilib. Bundan düz dörd il sonra isə cari ilin yanvarın 7-də artıq bu Stansiyanın rəsmi açılış mərasimi oldu. Bu da bir daha ölkəmizin üzərinə götürdüyü öhdəliklərin öhdəsindən lazımınca gəlir, nəzərdə tutulan planları uğurla həyata keçirir.
Qeyd edilən stansiyanın inşasının başa çatması ilə əlaqədar keçirilən mərasimdə vurğulanıb ki, son illər ərzində Azərbaycanda enerji sisteminin müasirləşdirilməsi, modernləşdirilməsi və inkişafı əsas prioritetlərdən biri kimi qəbul edilmişdir. Son 20 il ərzində demək olar ki, Azərbaycanın enerji sistemi, yəni generasiya gücləri, böyük dərəcəli yarımstansiyalar və ötürücü xətlər tamamilə yenilənib. Bu illər ərzində ölkədə yaradılmış generasiya gücləri bütün əvvəlki dövrlə müqayisədə təxminən üç dəfə artıb və hazırda Azərbaycan energetikasının generasiya gücü təxminən 10 min meqavata bərabərdir. Gələcəkdə də bir çox yeni bərpaolunan enerji generasiya gücü yaradılacağını nəzərə alsaq bu rəqəm daha artacaq və imkan verəcək ki, həm artan daxili tələbatı lazımi səviyyədə təmin ediləcək, həm də elektrik enerjisi daha böyük həcmdə ixrac ediləcəkdir.
Ötən il Mingəçevirdə yeni elektrik stansiyasının açılışı keçirildi. bu bir daha əminlik yaratdı ki, ölkəmizdə ənənəvi generasiya gücləri və bərpaolunan generasiya güclərinin inkişafı paralel şəkildə aparılmalıdır.
Prezident İlham Əliyev yanvarın 8-də Bakıda, “Gülüstan” sarayında Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa edilmiş 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi zamanı çıxışında demişdir: “Keçən il Mingəçevirdə istismara verilmiş ənənəvi elektrik stansiyasının generasiya gücü təxminən 2000 meqavata bərabərdir və bu gün Azərbaycan enerji təminatı, enerji təhlükəsizliyi nöqteyi-nəzərindən özünü çox rahat hiss edir. Bu yaxınlarda 230 meqavat gücündə Günəş elektrik stansiyası istismara verilmişdir. Bu gün 240 meqavat gücündə külək elektrik stansiyası, işğaldan azad edilmiş ərazilərdə - Cəbrayıl rayonunda hazırda üç Günəş elektrik stansiyası inşa edilir. Bu üç stansiyanın ümumi potensialı 340 meqavatdır”.
Qeyd edilməlidir ki, Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında çox sıx dostluq və qardaşlıq münasibətlər mövcuddur. Müstəqillik dövründə bu əlaqələrin inkişaf etdirilməsi istiqamətində fəal işlər aparılıb. Bizim ölkələr bir çox sahələrdə uğurla əməkdaşlıq edir.
Xalqımız bizim üçün çox ağrılı olan 30 ilə yaxın işğal dövründə Səudiyyə Ərəbistanının ölkəmizə göstərdiyi siyasi dəstəkdən xəbərdardır. Səudiyyə Ərəbistanı o nadir ölkələrdəndir ki, erməni işğalına görə Ermənistanla ümumiyyətlə diplomatik əlaqələr qurmayıb və bu, Azərbaycan xalqına, Azərbaycan dövlətinə göstərilmiş böyük mənəvi dəstək və qardaşlığın əlamətidir.
Bu gün Azərbaycanda gözəl investisiya iqlimi vardır. Artıq ölkəmizə 300 milyard dollardan çox xarici sərmayə cəlb edilib. Bu gün ölkəmizin maliyyə vəziyyəti çox müsbətdir. Bu sahədə aparılan islahatlar, əldə edilən uğurlar dünyanın aparıcı reytinq agentlikləri tərəfindən də yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, bu gün Azərbaycanın kredit reytinqi daha da artırılıb, investisiya və müsbət proqnozu olan reytinq səviyyəsinə qaldırılıb.
Ölkəmizin xarici borcu çox aşağı səviyyədədir, ümumi daxili məhsul təqribən 6 faizindən bir qədər çoxdur. Valyuta ehtiyatları xarici borcu 16-17 dəfə üstələyir və bu göstəriciyə görə, Azərbaycan dünya miqyasında aparıcı ölkələr sırasındadır. Prezident İlham Əliyevin mərasimdəki çıxışında qeyd etdiyi kimi “Bütün bu və başqa amillər deməyə əsas verir ki, Azərbaycana qoyulan sərmayə xeyir gətirəcək, mənfəət gətirəcək. Bu gün Azərbaycan sərmayə qoyuluşu üçün çox gözəl bir məkandır. Ölkəmizdə siyasi, iqtisadi və sosial sabitlik hökm sürür. Beş ildir ki, ölkəmiz rəsmən sülh şəraitində yaşayır, ölkəmizdə genişmiqyaslı quruculuq işləri aparılır. Ona görə bugünkü mərasimin timsalında xarici şirkətlərin bizə olan inamını da görürük və bu inam tam əsaslıdır”.
Ölkə başçısı gələcək planları da açıqlayıb. Bildirib ki, gələcəkdə Azərbaycanın bərpaolunan enerji potensialı daha çox artacaq və əlbəttə, biz bu enerjini saxlamaq üçün infrastruktur yaradılmalıdır. Bu məqsədlə ölkəmizdə tarixdə ilk dəfə olaraq gücü 250 meqavat olan Batareya Enerji Saxlanc Sistemi də yaradılır.
Bu layihələrin həyata keçirilməsi ölkəmizədaha böyük uğurlar gətirəcəkdir.
Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası

