Prezidentin “Euronews” televiziyasına müsahibəsində mühüm məqamlara toxunuldu

21-01-2026, 11:16           
Prezidentin  “Euronews” televiziyasına müsahibəsində mühüm məqamlara toxunuldu
Prezident İlham Əliyev yeni əsrin yeni lideri olaraq Azərbaycanı inamla irəli aparır. Onun hakimiyyət illəri ölkənin dinamik inkişafı, dünyada nüfüz və söz sahibinə çevrilməsi ilə səciyyəvidir. Prezidentimiz mötəbər beynəlxalq təşkilatlaın - BMT-nin, NATO-nun, ATƏT-in kürsülərində inamlı, cəsarətli, məntiqi çıxışları ilə diqqəti cəlb edir, milli mənafeləri bütün səviyyələrdə qətiyyətlə qoruyur, müstəqil xarici siyasət yürüdür. Cənab Prezident İlham Əliyev xarici kanallara verdiyi çoxsaylı müsahibələr kimi bu dəfə də 2026-cı il yanvarın 20-də Davosda “Euronews” televiziyasına müsahibəsində çox önəmli məqamlara toxunmuşdur.
Bu gün Azərbaycanın atdığı hər bir addım, gördüyü hər bir iş - istər siyasi inkişaf, istərsə də suverenliyimizin və ərazi bütövlüyümüzün bərpası beynəlxalq hüquqa və ümumi dəyərlərə uyğundur. Prezident İlham Əliyevin müsahibəsində bildirdiyi kimi: “Bu erada vəziyyəti qanunun aliliyi deyil, güc qaydası idarə edir. Biz bunu dünyanın müxtəlif yerlərində görə bilərik”. Günümüzün reallığı ondan ibarətdir ki, hər ölkə öz strategiya və siyasətini özünün potensialına uyğunlaşdırmalıdır. Buna görə də ölkələrin hər biri mümkün qədər çox ölkələrlə, ilk növbədə öz bölgəsində, sonra isə qlobal müstəvidə yaxşı münasibətlər qurmalıdır. Ölkə başçısı cənab İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycan məhz buna nail olmuşdur.
Bu gün enerji bazarlarında neftin qiyməti sabitdir və bu ölkəmiz üçün məqbul səviyyədədir. Bu da öz növbəsində, hazırda İran və Venesuelada baş verən hadisələrin neftin qiymətinə ciddi təsir göstərmədiyini nümayiş etdirir. Ölkə başçısı ümidvar olduğunu bildirib ki, Cənubi Qafqazda və region ətrafında vəziyyət pisləşməyəcək. “Bizim istəyimiz, həqiqətən, bunu görməkdir. Ümid edirəm ki, hər bir ölkə regional sabitliyə və təhlükəsizliyə öz töhfəsini verəcəkdir”- deyə cənab Prezident deyib.
Müsahibədə Avropa ölkələrini bu gün ən çox narahat edən enerji təminatı məsələlərinə də yer ayrılıb. Bildirilib ki, Azərbaycan Cənubi Qafqazın enerji ehtiyatlarına məxsus və onları Cənubi Qafqazın digər ölkələrinə ixrac edən yeganə ölkədir. Bölgənin digər ölkələri - uzun illər Gürcüstan, indi isə artıq Ermənistan enerji ehtiyatlarını Azərbaycandan idxal edir. Avropa və Avropa İttifaqı ilə isə ölkəmizin enerji əməkdaşlığı artmaqdadır. Hazırda Azərbaycan artıq 16 ölkəyə təbii qaz ixrac edir ki, onların 10-u Avropa İttifaqının üzvüdür. Boru kəməri ilə nəql edilən qaz ixracatının coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir.
Azərbaycan təbii resurslara, nəqliyyat sisteminə və müasir boru kəmərlərinə malikdir. Ölkəmizin bir çox Avropa ölkəsi ilə yaxşı münasibətləri var və bu, onlar üçün öz enerji təhlükəsizliyini gücləndirmək imkanıdır. Azərbaycan üçün isə bu, bazarda ehtiyatlarını satmaq fürsətidir. Bu gün Azərbaycan öz təbii qazını təkcə Avropaya satmır, bu yaxınlardan artıq Suriyaya da qaz ixracına başlanılıb. Ölkə başçısı bu zaman qiymət baxımından Avropa bazarının daha sərfəli olduğunu vurğulayıb.
Müsahibədə Avropa Parlamenti ilə olan münasibərlərə də toxunulub. Müxbirin Azərbaycanın Avropa Parlamenti tərəfindən daimi tənqidinə münasibətiniz sualına isə ölkə başçısının cavabı qısa, konkret və müxbirin də vurğuladığı kimi diplomatik olub - “Biz artıq buna reaksiya vermirik”.
Qeyd edilib ki, Azərbaycan artıq uzun illərdir ki, Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası ilə istənilən əməkdaşlığı dayandırıb. Bu gün ölkəmiz Avropa Komissiyası ilə əməkdaşlıq edir. Prezident İlham Əliyevin bildirdiyi kimi: “Ermənistanın özünün Azərbaycanla əlaqələri yüksək qiymətləndirdiyi bir vaxtda, bizi heç vaxt etmədiyimizdə, o cümlədən Ermənistana qarşı “təcavüzkar mövqedə” olmağımızda ittiham etməklə Avropa Parlamenti özünü çox qəribə vəziyyətə salır”.
Vurğulanıb ki, ötən ilin avqustunda Ağ Evdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi paraflanıb. “Mən ümid edirəm ki, Avropa Parlamentinin üzvləri özlərində cəsarət taparaq Azərbaycana qarşı ədalətsiz mövqelərini yenidən nəzərdən keçirəcəklər” – deyə ölkə başçısı müsahibəsini yekunlaşdırıb.

Vahid İsmayılov
Tarix üzrə fəlsəfə doktoru
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]