Ermənistanda casusluq qalmaqalı: Keçmiş deputata ağır ittiham
Bu gün, 11:18

Ermənistanın İstintaq Komitəsi Çiçəklənən Ermənistan Partiyasından deputatlığa namizəd Andranik Tevanyan barəsində dövlətə xəyanət və casusluq ittihamları ilə cinayət işinin açıldığını açıqlayıb.
Oxu.Az xəbər verir ki, qurumun "Facebook" sosial şəbəkəsində yaydığı məlumata əsasən, Tevanyan "Ermənistan" blokunun ümummilli seçki siyahısına daxil edilmiş parlament deputatı olduğu dövrdə, 2024-cü ildə xarici xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb olunub.
İddia edilir ki, o, casusluq fəaliyyəti ilə məşğul olub və dövlət sirri təşkil edən məlumatları xüsusilə külli miqdarda - 622 min dollar (təxminən bir milyon manat - red.) müqabilində ötürüb.
Bildirilir ki, ötürülən məlumatlar 2024-cü ilin aprelində parlamentin qapalı və məxfi iclasında keçirilmiş dinləmələrin gedişi və nəticələri ilə bağlı olub.
Mayın 20-də Ermənistanın baş naziri Nikol Paşinyan Vanadzorda keçirilən təşviqat kampaniyası zamanı keçmiş deputat Tevanyanın dövlətə xəyanət etdiyini bildirib və bu məlumatın Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən İstintaq Komitəsinə təqdim olunacağını açıqlayıb.
Qeyd edək ki, Tevanyan 2023-cü ilə qədər parlamentdə "Ermənistan" fraksiyasını təmsil edib.

