NATO ABŞ-sız yaşaya bilməz: Aİ niyə alyansı əvəz edə bilməyəcək?
Bu gün, 09:34

"Şimali Atlantika Alyansı ABŞ-nin iştirakı olmadan fəaliyyət göstərə bilməyəcək və Avropa İttifaqının bu qurumu əvəz etmək imkanı yoxdur".
Bunu Şimali Atlantika Alyansının (NATO) sabiq baş katibi və Norveçin maliyyə naziri Yens Stoltenberq İsveçin SVT telekanalına müsahibəsində deyib.
O, alyansın Birləşmiş Ştatlarsız mövcud statusda qala bilməyəcəyini xüsusi qeyd edib.
"Bu, 80 ilə yaxındır bildiyimiz NATO olmayacaq. Çünki əsas məsələ ABŞ və Avropanın bütün təhlükələrə qarşı birgə mübarizə aparmasından ibarətdir. Məhz buna görə Birləşmiş Ştatlar və Avropa arasında ehtimal olunan parçalanmanın qarşısını almaq üçün bütün imkanlardan istifadə etmək mühüm əhəmiyyət kəsb edir", - deyə Stoltenberq əlavə edib.
O, həmçinin vurğulayıb ki, Avropa İttifaqına dərin hörmətlə yanaşır, lakin onun ümumi müdafiə və təhlükəsizlik zəmanətləri sahəsində NATO-nu əvəzləyə biləcəyinə inanmır.
SVT-nin məlumatına görə, alyans daxilində böhranın yaranma səbəbləri sırasında ABŞ-ın Qrenlandiya üzərində nəzarəti ələ almaq cəhdi də yer alırdı. Hazırda Birləşmiş Ştatların öz hərbi qüvvələrini Avropanın onları yeniləri ilə əvəzləməyə macal tapmamış geri çağıracağı ilə bağlı ciddi narahatlıqlar mövcuddur.
Xatırladaq ki, bir müddət öncə ABŞ Prezidenti Donald Tramp rəsmi Vaşinqtonun NATO ilə bağlı siyasətinin dərindən analiz ediləcəyini bəyan etmişdi. O demişdi ki, Birləşmiş Ştatların alyans üçün trilyonlarla dollar xərcləməsinə rəğmən, blok İranla bağlı gərginlik fonunda Vaşinqtonu lazımi səviyyədə dəstəkləməyib.

