9.Fridrix NİTŞE
Bu gün, 12:04

(“Dahilər” silsiləsindən)
Mən bugünün oxucusu üçün yazmıram, məni sabahın oxucusu da oxumayacaq. Mənim oxucum birigün ancaq anadan olacaq...
NİTŞE
Dahilər haqqında yazılarımızı davam etdiririk. Rubrikamızın bu dəfəki qəhrəmanı inqilabçı filosof Fridrix Nitşedir (1844-1900). Filosoflar arasında onun qədər tənqidə məruz qalan, fikirləri mübahisə doğuran (hətta Darvin, Marks kölgədə qalır) ikinci dahi tapmaq çətindir. Onu hətta faşizmin banisi, allahsızların birincisi adlandırırlar. “Anti Xrist”ə görə bütün dünya onu lənətləyir, “Zərdüştün dedikləri”nə görə isə, bütün dünya ona təzim edir.
Fikir dünyasında isə Nitşe Heygelin baxışlarından, dialektik inkişaf qanunlarından imtina edən, Şopenhauer məktəbinin davamçısı, tarixdə şəxsiyyətin rolunu aparıcı hesab edən bir filosof kimi tanınır. Mənə isə öz taleyi, mübarizliyi ilə bizim inqilabçı yazıçı-filosof Mirzə Fətəli Axundovu xatırladır. Düşünürəm ki, Nitşe özünün “Anti Xristi” ilə Xristian mövhumatını darmadağın etdiyi kimi, Axundov da “Kəmalüddövlə məktubları” ilə İslam xürafatını yerlə yeksan edib…
Nitşenin uşaqlıq illəri çətin keçir. Hələ özünü dərk edəndən Nitşe fəlsəfəyə, musiqiyə və ədəbiyyata dərin maraq göstərir. Keşiş atası isə onun qarşısını kəsir, oğlunun kilsəyə getməsini, Allaha qulluq etməsini istəyir. Bioqrafları Nitşenin sonralar “Anti Xrist”i yazmasının, xristianlığa olan kəskin münasibətinin səbəblərinin həmin zamanlardan, uşaqlıqdan yarandığını hesab edirlər. Amma Fridrix onu kilsəyə sürükləyən atasını tez itirir.
Fridrix Nitşe 1867-ci ildə könüllü olaraq Prussiya ordusunda birillik xidmət etməyə gedir. Lakin 1868-ci ilin mart ayında at çaparkən yıxılaraq başından ağır zədə alır və ordudan kənarlaşdırılır. Geri qayıtdıqdan sonra təhsilini davam etdirir. “Dünya - iradə və təsəvvür kimi” əsəri Nitşeyə çox güclü təsir edir, onu Şopenhauer fəlsəfəsinin aşiqinə çevirir. Həm də musiqi aşiqi olan Nitşeyə təsir edən ikinci hadisə isə, bəstəkar Vaqnerlə tanışlıq olur. Bəstəkar-filosof onun keşiş atasına çox oxşayırmış, hətta altmış yaşında imiş. Bir müddət sonra Nitşe bəstəkarla özü arasında daha bir ortaq nöqtəni tapır - Vaqner də Şopenhauer aşiqi idi.
Nitşenin “Zərdüştün dedikləri” əsərini (1883-1885) filosofun “Bibliyası” da adlandırırlar. “Zərdüştün dedikləri” də “Bibliya” kimi fəlsəfənin, poeziyanın və prozanın orijinal sintezindən ibarətdir. Maraqlıdır ki, I Dünya müharibəsində alman əsgərləri bu iki kitabı çantalarında gəzdirirdilər. “Bibliya”nı ölümdən qorunmaq, “Zərdüştün dedikləri”ni isə oxumaq üçün... Nitşenin bu əsərini Hitlerin “Mənim mübarizəm”, Rozenberqin “XX əsrin mifi” əsərləri ilə birlikdə faşist ideologiyasının mənbəyi hesab edirlər. Hətta Hitler özü hakimiyyəti dövründə bir neçə dəfə Nitşenin arxiv-muzeyini ziyarət etmişdi. Halbuki Nitşe “Zərdüştün dedikləri”ndə fövqəl millətdən yox, fövqəl insandan danışırdı. “Sarışın fövqəl insan dünyanı arxasınca aparır, tarixi yaradır” deyirdi…
Nitşе “Zərdüşt”dən sonra ardıcıl olaraq “Anti Xrist”, “Vagner hadisəsi”, “Bütlərin qürubu” və “Dionis Difiramosları” adlı məşhur əsərlərini yazır. Şübhəsiz ki, burda Nitşeyə olmazın şöhrət və nifrət gətirmiş “Anti Xrist” haqqında danışmasaq, bir-iki cümlə yazmasaq olmaz. Bu kitab haqqında deyirlər ki, Nitşe xristianlıq üçün qəbir qazmışdır. Təsəvvür edin ki, fəlsəfi əsər belə başlayır: “Mən bu günün oxucusu üçün yazmıram, mən sabahın oxucusu üçün də yazmıram. Mənim oxucum birigün ancaq anadan olacaq...” Nitşe “Anti Xrist”də xristianlıın əsasları olan mərhəmət, ədalət, bərabərlik kimi dəyərlərə hücum edir. O, Isa peyğəmbəri “xəstələrin və sərsərilərin Allahı” adlandırmaqdan çəkinmir. “Xəstələri və sərsəriləri məhv etmək, cəmiyyəti fövqəl insanlar üçün təmizləmək lazımdır” - deyir.
Bu da son... 1889-cu ilin ilk günlərində, Türin şəhərində camaat küçədə qırmanclanan bir südçü atının boyuna sarılıb ağlayan sərsərinin başına yığışmışdı. Bu, XIX əsrin ən böyük fikir adamlarından biri, dahi filosof, şair, yazıçı, bəstəkar Fridrix Nitşe idi. Gənclik illərində yoluxduğu sifilis xəstəliyinin nəticəsi olduğu deyilən (yeri gəlmişkən, Lenin haqqında da bu cür sərsəm fikirlər dolaşır – Q.A), başqa bir mənbəyə görə isə, atdan yıxılaraq aldığı xəsarətdən əmələ gələn ruhi xəstəliyi şiddətlənmişdi. Bəlkə də, “Anti Xrist”in lənəti idi, o, 1900-cü ilə qədər - on il mənəvi qaranlıq içində bitki həyatı yaşamağa məhkum idi...
Qalib ARİF

