Dünya okeanında temperatur rekordu: Alimlərdən şok açıqlama
Bu gün, 15:08

Dünya okeanının temperaturu iyun ayı üçün rekord göstəriciyə çataraq misilsiz səviyyəyə yüksəlib. Bu vəziyyət dəniz florası və faunası, eləcə də qlobal hava şəraiti üçün ciddi təhlükələr yarada bilər.
Bu barədə CNN telekanalı peyklərdən və gəmilərdən əldə edilən ölçmələri birləşdirən "Kopernik" Avropa İqlim Dəyişikliyi Xidmətinin məlumatlarına istinadən məqalə dərc edib.
Bildirilib ki, iyunun 21-də dəniz səthinin orta qlobal temperaturu 20.86 dərəcəyə çataraq 2024-cü ildə qeydə alınmış iyun rekorduna yaxınlaşıb.
Mütəxəssislərin fikrincə, bu cür anomal istilər yeni başlayan, lakin güclənərək son onilliklərin ən şiddətli hadisələrindən birinə çevrilə biləcək "El-Ninyo" cərəyanının gəlişi ilə bağlıdır. Bununla yanaşı, insanların fəaliyyəti nəticəsində yaranan və qlobal istiləşməyə səbəb olan iqlim böhranı da mövcud vəziyyətə ciddi təsir göstərir.
Bir müddət əvvəl Avropanı da anomal isti hava dalğasının bürüdüyü bildirilirdi. Vəziyyət o həddə çatıb ki, dəmiryol relsləri əriyir, kondisionerlərin və sənaye soyuducularının fəaliyyəti üçün kifayət qədər enerji gücü çatmır. Əhalinin ərzaqla təminatı təhlükə altındadır. Bu fonda Avropadan ixrac olunan məhsulların azalması və qiymətlərin artması ehtimal olunur.

