Kibercinayətkarların ən çox sındırdığı parollar: Hansı şifrələr təhlükəlidir?
Bu gün, 15:38

Rəqəm ardıcıllıqlarından və klaviatura kombinasiyalarından ibarət şifrələr kibercinayətkarlar tərəfindən ən çox sındırılan parollardır.
Bu barədə informasiya təhlükəsizliyi üzrə ekspert Sergey Şerbakov Gazeta.ru-ya müsahibəsində bildirib.
Ekspert qeyd edib ki, "qwerty" və ya kiril əlifbası ilə "йцукен" kimi sadə klaviatura ardıcıllıqları, eləcə də "qwerty123" və ya "1q2w3e" kimi variantlar hakerlər tərəfindən çox qısa müddətdə sındırılır. O, hərflərin simvollarla (məsələn, "a"nın "@" ilə) əvəzlənməsinin belə təhlükəsizlik üçün kifayət etmədiyini vurğulayıb: "Çünki bu cür dəyişikliklər hakerlərin istifadə etdiyi lüğət bazalarında artıq nəzərə alınır".
S.Şerbakov istifadəçilərə təhlükəsizlik üçün aşağıdakı addımları tövsiyə edib:
- Mürəkkəb parollar: 3-4 təsadüfi sözdən ibarət, azı 14-16 simvolluq şifrə ifadələrindən istifadə edin.
- Parol meneceri: Parolların yadda saxlanılması və yaradılması üçün etibarlı parol menecerlərindən yararlanın.
- İkifaktorlu identifikasiya: Elektron poçt, dövlət xidmətləri və bank tətbiqlərində ikifaktorlu identifikasiyanı (2FA) mütləq aktivləşdirin.
Ekspert onu da əlavə edib ki, istifadəçilərin uzun müddət istifadə etmədiyi və unudulmuş sosial şəbəkə və ya mesencer hesabları da dələduzların əsas hədəfidir. Köhnə hesab sındırıldıqdan sonra fırıldaqçılar istifadəçinin doğum tarixi, telefon nömrəsi, ünvanı, şəxsi sənədlərinin surətləri və bank kartları haqqında məlumatları ələ keçirə bilərlər.

