ABŞ İrana quru qoşunlarını göndərəcək? - Vitse-prezident AÇIQLADI

Bu gün, 11:18           
ABŞ İrana quru qoşunlarını göndərəcək? - Vitse-prezident AÇIQLADI
"ABŞ İranda hakimiyyət dəyişikliyinə nail olmaq məqsədilə quru qoşunları göndərməyəcək".

Bunu ABŞ-nin vitse-prezidenti Cey. Di. Vens amerikalı komediya ustası və aparıcı Co Roqanın podkastında deyib.

"Əgər İran xalqı ayağa qalxmaq və hökumətini dəyişmək istəsə, bu, onların işidir. Amma biz 150 min hərbçidən ibarət quru qoşunlarını oraya göndərmək niyyətində deyilik. Əsgər göndərməyi təklif edənlər əslində ABŞ Silahlı Qüvvələrinin İran xalqının görməli olduğu işi görməsini istəyirlər. Biz artıq bununla məşğul olmuruq", - deyə o bildirib.

Vensin sözlərinə görə, hazırda ABŞ neft və qazın maneəsiz daşınmasını təmin etməyə, həmçinin diplomatik və hərbi vasitələrdən istifadə etməklə İranın nüvə silahı proqramına sahib olmasının qarşısını almağa çalışır.

O qeyd edib ki, İranın uzunmüddətli perspektivdə nüvə silahına sahib olmaqdan imtina etməsi ABŞ administrasiyası və onun həyata keçirdiyi kampaniya üçün mühüm nailiyyət olardı. Vens hadisələrin necə inkişaf edəcəyini dəqiq proqnozlaşdıra bilmədiyini etiraf etsə də, ABŞ-nin düzgün istiqamətdə irəlilədiyini düşündüyünü bildirib.

Vensin fikrincə, Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyi problemini yalnız hərbi üsullarla həll etmək mümkün deyil. Buna görə də mövcud bütün vasitələrdən istifadə edilməlidir.

"Silahlı qüvvələr bir vasitədir, diplomatiya isə başqa. Mən ABŞ-də və digər ölkələrdə 'iranlılarla danışıqlar aparmaq olmaz' deyən insanlardan məyusam. Bəs sizin təklifiniz nədir? İnsanlar Hörmüz boğazında gəmilərə atəş açmağı dayandırsınlar deyə nə etmək lazımdır? Onlara zərbələr endirmək, radarlarını məhv etmək, bəzi pilotsuz uçuş aparatlarını və raketləri vurmaq olar. Amma gəmilərə hücum etmək çox asandır. Buna görə də dialoqa hazır olduğunuzu göstərmək və problemi həll etməyə çalışmaq lazımdır", - deyə Vens vurğulayıb.

O, həmçinin İsraildə İranla müharibənin uzanmasına çalışan qüvvələrin olduğunu bildirib. Bununla yanaşı, Vens İsrailin ABŞ Prezidenti Donald Trampa, o cümlədən İran məsələsində hər hansı formada təzyiq göstərməsi barədə iddiaların həqiqətə uyğun olmadığını qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru