Tarixi eniş: Səhmləri kəskin ucuzlaşdı, dəyəri 69 milyard dollar azaldı

Bu gün, 08:34           
Tarixi eniş: Səhmləri kəskin ucuzlaşdı, dəyəri 69 milyard dollar azaldı
Süni intellekt investisiyalarının texnologiya sektorunda yaratdığı dəyişikliklər "IBM"in bazar göstəricilərinə də təsir edib.

Valyuta.az xəbər verir ki, şirkətin səhmləri bir gün ərzində 25 faiz ucuzlaşaraq son illərin ən kəskin enişlərindən birini yaşayıb. Nəticədə şirkətin bazar dəyəri təxminən 69 milyard ABŞ dolları azalıb.

"IBM" səhmlərində müşahidə olunan kəskin satış dalğası proqram təminatı sektorunda fəaliyyət göstərən digər iri şirkətlərin səhmlərinə də mənfi təsir göstərib.

Şirkət rəhbərliyi bildirib ki, korporativ müştərilərin texnologiya xərclərində mühüm dəyişiklik baş verir. "IBM"in baş icraçı direktoru Arvind Krişnanın sözlərinə görə, müştərilər büdcələrini süni intellekt infrastrukturunu dəstəkləyən serverlərə, məlumat saxlama sistemlərinə və məlumat mərkəzlərinin avadanlıqlarına yönəldirlər.

Bildirilib ki, şirkətlərin süni intellekt modellərini işlətmək üçün çiplərə, serverlərə və şəbəkə avadanlıqlarına üstünlük verməsi ənənəvi korporativ proqram təminatına investisiyaları azaldıb. Bu isə xüsusilə korporativ proqram təminatı satışlarından əldə olunan gəlirlərə təzyiq göstərib və sektorun bir sıra aparıcı şirkətlərinin səhmlərinin də dəyər itirməsinə səbəb olub.

"IBM" həmçinin bankçılıq və aviasiya kimi sahələrdə istifadə olunan əsas kompüter sistemləri (mainframe) üzrə gözlənilən bəzi iri müqavilələrin təxirə salındığını açıqlayıb. Şirkətin məlumatına görə, kibertəhlükəsizlik xərclərinin artması da müştərilərin texnologiya büdcələrində prioritetlərin dəyişməsinə səbəb olub.

Şirkət ikinci rübdə gəlirlərinin təxminən 17,2 milyard ABŞ dolları səviyyəsində olacağını proqnozlaşdırır. Bu göstərici bazar gözləntilərindən aşağıdır və son bir ildə ən zəif artım tempinə işarə edir. Səhm üzrə düzəldilmiş mənfəət proqnozu da analitiklərin gözləntilərini doğrultmayıb.

Bununla yanaşı, "IBM" uzunmüddətli inkişaf strategiyasının əsas istiqamətlərindən biri kimi kvant hesablamalarına investisiyaları davam etdirəcəyini bildirib. Şirkət 2029-cu ilədək iri miqyaslı kvant kompüteri hazırlamaq məqsədilə 10 milyard ABŞ dollarından çox sərmayə yatırmağı planlaşdırır.

"IBM" süni intellekt sahəsində əməkdaşlıqlarını da davam etdirir. Bununla belə, analitiklər hesab edirlər ki, bu layihələrin qısa müddətdə şirkətin mövcud gəlir itkilərini kompensasiya etməsi çətin olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru