"Hörmüz boğazındakı çat": ABŞ-İran razılaşması niyə dağılır?" - BBC
Bu gün, 10:24

ABŞ və İran arasında iyunda imzalanmış qarşılıqlı anlaşma memorandumu faktiki olaraq qüvvəsini itirib.
Bu barədə "bbc.com" nəşri yazıb.
Nəşr yazır ki, Vaşinqtonun dəniz blokadasını bərpa etməsi və tərəflərin yenidən qarşılıqlı zərbələrə başlaması razılaşmanın əsas zəif nöqtəsini üzə çıxarıb. Mübahisənin mərkəzində isə strateji əhəmiyyətə malik Hörmüz boğazına nəzarət məsələsi dayanır.
Hörmüz boğazı əsas fikir ayrılığına çevrilib
Nəşrin yazdığına görə, Tehran Hörmüz boğazına nəzarəti özünün "qırmızı xətti" hesab edir və bu mövqedən geri çəkilmək niyyətində deyil. İran memorandumun beşinci bəndini boğazın idarə edilməsində daha geniş səlahiyyətlər verən müddəa kimi şərh edir.
ABŞ isə həmin bəndin məqsədinin dünya bazarına neft, qaz və digər yüklərin maneəsiz daşınmasını təmin etmək olduğunu bildirir.
Məhz bu fərqli yanaşma razılaşmanın həyata keçirilməsini çətinləşdirən əsas səbəblərdən biri hesab olunur.
Tehranda fikir ayrılığı yaranıb
BBC qeyd edir ki, İran rəhbərliyi ümumi strateji kursda həmrəy olsa da, bundan sonra hansı addımların atılması məsələsində fikir ayrılığı müşahidə olunur. Bir qrup diplomatik yolla əldə olunan nəticələri qorumağın tərəfdarıdır, digərləri isə hesab edir ki, atəşkəs İran ABŞ-a kifayət qədər zərbə vurmadan elan edilib.
Eyni zamanda İran parlamenti Hörmüz boğazının idarə olunmasına dair yeni qanun layihəsi hazırlayıb. Bu addım Oman, Qətər və BƏƏ kimi regional ölkələrin narahatlığını artırıb. Onlar hesab edirlər ki, İranın boğaz üzərində nəzarəti gücləndirmək cəhdləri bölgədə yeni gərginlik yarada bilər.
Tərəflər hələ də kompromisə ümid edir
Məqalədə bildirilir ki, bəzi diplomatlar İranın boğazdan keçən gəmilərdən rüsum deyil, müəyyən xidmət haqları almasını mümkün kompromis variantı kimi qiymətləndirirlər. Bununla Tehran nüfuzunu qoruyar, eyni zamanda beynəlxalq gəmiçilik də tam iflic olmaz.
Nəşrin fikrincə, həm Vaşinqton, həm də Tehran qarşı tərəfin daha zəif vəziyyətdə olduğunu düşünür və güzəştə ilk olaraq onun gedəcəyinə inanır. Bununla belə, iqtisadi çətinliklər, yüksək inflyasiya və davam edən qarşıdurma hər iki tərəfi yenidən danışıqlara qayıtmağa məcbur edə bilər. Lakin ekspertlər yaxın vaxtlarda sabit və uzunmüddətli razılaşmanın əldə olunacağına tam əmin deyillər.

