Türkiyədəki 2 300 azərbaycanlı həkim qazancdan məhrum qalır - MÜSAHİBƏ

Bu gün, 00:11           
Türkiyədəki 2 300 azərbaycanlı həkim qazancdan məhrum qalır - MÜSAHİBƏ
Türkiyədə çalışan xarici vətəndaş rezident həkimlərin əmək hüquqları ilə bağlı yeni qanun dəyişikliyi müzakirələrə səbəb olub.

Belə ki, Türkiyə Konstitusiya Məhkəməsinin xarici vətəndaş rezident həkimlərin "döner sermaye" (əlavə ödəniş) hüququndan məhrum olunmasını hüquq pozuntusu hesab etməsinə baxmayaraq, 2 iyul 2026-cı il tarixində Türkiyə Böyük Millət Məclisinə təqdim olunan 2/3755 saylı qanun layihəsində bu ödənişlə bağlı yeni məhdudiyyətlərin tətbiqi nəzərdə tutulur.

Bu dəyişiklik qəbul edilərsə, Türkiyədə çalışan çoxsaylı əcnəbi həkimlərlə yanaşı, rezidentura təhsili alan azərbaycanlı həkimlərin də gəlirlərinə birbaşa təsir göstərə bilər. Məsələ xüsusilə Türkiyədə təhsil alan və çalışan azərbaycanlı rezident həkimlər arasında narahatlıq yaradıb.

Məsələ ilə bağlı Türkiyə Respublikası Xarici Vətəndaş Rezident Həkimlər və Diş Həkimləri Birliyi (Türkiye Cumhuriyyeti Yabancı Asistan doktor ve Diş Hekimleri Birliyi) “Cebheinfo.az”-ın suallarını cavablandırıb.

- Türkiyə Böyük Millət Məclisinə təqdim olunan qanun layihəsi xarici rezident həkimlərin hüquqlarını konkret olaraq necə dəyişəcək?

- 02 iyul 2026-cı il tarixində Türkiyə Böyük Millət Məclisinə təqdim edilmiş 2/3755 nömrəli “Yüksək Təhsil Qanunu və Bəzi Qanunlarda Dəyişiklik Edilməsi Haqqında” qanun layihəsi mövcud redaksiyada qəbul ediləcəyi təqdirdə, xarici rezident (assistent) həkimlərin baza (taban), dövriyyə (döner sermaye) və təşviq ödənişlərini almaq hüququ faktiki olaraq aradan qalxacaq.

Layihədə xarici rezident həkimlərin yalnız “tələbə” kimi qiymətləndirilməsi nəzərdə tutulur. Halbuki biz eyni xəstəxanalarda, eyni şöbələrdə, eyni növbələrdə çalışır, eyni xəstələrə xidmət göstərir və Türkiyə vətəndaşı olan rezident həkimlərlə eyni məsuliyyəti daşıyırıq.

- Bu qərar Türkiyədə çalışan azərbaycanlı həkimlərin nə qədərini əhatə edəcək?

- Hazırda Türkiyədə təxminən 1800–2300 azərbaycanlı rezident həkim təhsil alır. Eyni zamanda, dövlət xəstəxanalarında səhiyyə xidmətinin göstərilməsində iştirak edir. Buna baxmayaraq, biz Türkiyə vətəndaşı olan həmkarlarımız kimi normal həkim maaşı və sosial təminat (SGK) hüquqlarından istifadə edə bilmirik. Gəlirimizin əsas hissəsini məhz baza, dövriyyə və təşviq ödənişləri təşkil edir.

- Yeni qanun qəbul edilərsə, xarici rezident həkimlərin gəlirləri necə dəyişəcək?

- Bu qanun layihəsi qəbul edilərsə, aylıq gəlirlərimiz təxminən 18 min Türkiyə lirəsinə, yəni təxminən 400 ABŞ dollarına qədər enəcək. Bu məbləğlə Türkiyədə kirayə, kommunal xərclər və digər yaşayış xərclərini ödəmək faktiki olaraq mümkün deyil.

-Türkiyə Konstitusiya Məhkəməsinin 2022-ci il tarixli qərarı xarici rezident həkimlər üçün hansı hüquqları tanıyıb və yeni qanun layihəsi həmin hüquqlara necə təsir edəcək?

- Ən narahatedici məqam odur ki, bu dəyişiklik illərlə məhkəmə yolu ilə qazandığımız hüquqları da aradan qaldıracaq. Türkiyə Konstitusiya Məhkəməsi 28 iyun 2022-ci il tarixli, 2019/39033 nömrəli qərarında xarici rezident həkimlərin dövriyyə əlavə ödənişlərindən məhrum edilməsinin hüquq pozuntusu olduğunu açıq şəkildə müəyyən edib.

Bu qərardan sonra bir çox xarici rezident həkim məhkəmə yolu ilə baza, dövriyyə və təşviq ödənişlərini almaq hüququnu əldə edib. Lakin yeni qanun layihəsinin 1-ci maddəsi həmin hüquqi müdafiəni faktiki olaraq aradan qaldırır. Qanun qəbul ediləcəyi təqdirdə, gələcəkdə məhkəmə vasitəsilə bu ödənişləri tələb etmək üçün hüquqi əsas da qalmayacaq.

- Bu vəziyyət həkimlərin və onların ailələrinin sosial və maddi durumuna çoxmu ağır təsir göstərir?

- Bu problem təkcə bir neçə nəfərin deyil, 1800–2300 azərbaycanlı rezident həkimin və onların ailələrinin həyatına birbaşa təsir göstərir. Azərbaycanlı həkimlər illərdir Türkiyənin səhiyyə sistemində gecə-gündüz çalışır, növbələr tutur və minlərlə xəstəyə tibbi xidmət göstərirlər.

Buna baxmayaraq, onların eyni işi görən həmkarlarından dəfələrlə az gəlir əldə etməsi, sosial təminatdan məhrum olması və məhkəmə qərarları ilə tanınmış hüquqlarını itirmək təhlükəsi ilə üz-üzə qalması ciddi əmək və insan hüquqları problemidir.

- Problemin həlli üçün hansı addımları gözləyirsiniz?

- Bizim tələbimiz əlavə imtiyaz və ya xüsusi üstünlük deyil. Türkiyə vətəndaşı olan həmkarlarımızla eyni maaşın verilməsini də tələb etmirik. Yeganə istəyimiz Konstitusiya Məhkəməsinin qərarı ilə hüququmuz tanınmış baza (taban), dövriyyə (döner sermaye) və təşviq ödənişlərinin qorunması və bu hüququn yeni qanunla əlimizdən alınmamasıdır. Bu səbəbdən məsələnin ictimailəşdirilməsi, media tərəfindən işıqlandırılması və aidiyyəti qurumların diqqətinə çatdırılması böyük əhəmiyyət daşıyır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru