Cənubi Qafqaz uğrunda böyük OYUN – Bakının “B planı”
Bu gün, 11:18

“ABŞ Ermənistan-Azərbaycan sülh sazişinə həm də Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaq üçün tarixi fürsət kimi baxır”. Bu barədə “The National Interest” jurnalındakı məqalədə deyilir. Nəşrə görə, uzun illər Moskvanın təsir zonasında qalan Cənubi Qafqazda vəziyyət dəyişir. Qeyd olunur ki, 8 avqust 2025-ci ildə keçirilmiş Azərbaycan-Ermənistan sülh sammiti Vaşinqtonu ilk dəfə bölgədə əsas oyunçulardan birinə çevirib və Rusiyanın zəifləyən mövqelərinə ciddi zərbə vurub. Təhlildə əsas diqqət “Tramp marşrutu” adlandırılan Zəngəzur dəhlizinə yönəlir. Ermənistanla Azərbaycanı birləşdirən bu marşrut üzərində ABŞ-ın əməliyyat nəzarəti əldə etməsi Vaşinqton üçün böyük strateji uğur kimi təqdim olunur. Məqalə müəllifinə görə, layihə həm iqtisadi, həm də geosiyasi baxımdan ABŞ-ın bölgədəki təsirini əhəmiyyətli dərəcədə artıracaq.
Məqalədə, həmçinin, Ermənistanın yenidən Moskvanın orbitinə qayıtmasının Vaşinqton üçün ciddi risk yaradacağı vurğulanır: “Çünki o halda TRIPP layihəsinin bağlanması mümkündür”.
Müəllifin fikrincə, ABŞ-ın əsas üstünlüklərindən biri Ermənistan cəmiyyətində Rusiyaya qarşı artan narazılıqdır. Məqalə müəllifinə görə, ermənilər Qarabağ üzərində Azərbaycan nəzarəti bərpa olunarkən Moskvanın proseslərə müdaxilə etməməsini unutmayıblar. Yazıda Vaşinqtona konkret tövsiyələr verilir. ABŞ-nin TRIPP ətrafında strateji tranzit tərəfdaşlığı qurması təklif olunur. Hesab edilir ki, bu addımlar həm də Rusiyanın bölgədəki təsirini zəiflədəcək.
“The National Interest” yekunda bu nəticəyə gəlir: Vaşinqtonun hələ vaxtı var və ABŞ Azərbaycan-Ermənistan sülh sazişinin yaratdığı imkanlardan istifadə edib Cənubi Qafqazı Qərb orbitində saxlaya bilər.
Qərb nəşrininn bu arqumentlərini Bakıda da bölüşürlərmi? Ermənistanın təzədən Rusiyanın orbitinə qayıtması riski nə dərəcədə ciddidirmi? O halda Bakının “B planı” varmı?
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirovun sözlərinə görə, Rusiyanın Cənubi Qafqazda təsirlərinin azalması əvvəlcə Ukrayna müharibəsindən başladı. Siyasi şərhçi hesab edir ki, müharibənin uzanması Rusiyanın ümumilikdə regional proseslərdə mövqeyini itirməklə nəticələndi: "Təkcə Cənubi Qafqazı deməzdim, Mərkəzi Asiyada da Moskvanın işləri istədiyi kimi getmir. Bunun başlıca səbəbi münaqişənin davam etməsidir. Rusiya güc və resurs itirdikcə onun geosiyasi proseslərdə təsiri zəifləyir. Elə bunun bariz nümunəsi Yaxın Şərqdə baş verənlər oldu. Suriyada Əsəd rejiminin getməsi Rusiyanın mühüm bir "qala"sını dağıtdı. Məsələyə geniş prizmadan baxmağın tərəfdarıyam ki, Rusiya Yaxın Şərq, Orta Asiya və Cənubi Qafqazda təsirlərinin azalmasını özü də görməkdədir. Buna baxmayaraq, Moskvanın MDB məkanında təsirləri hələ də qalmaqdadır. Yəni heç də bu mövqelər tamamilə əldən verilməyib. Xüsusən də Ermənistan üçün bunu qeyd etmək olar. Gürcüstanda isə hakimiyyət Moskva ilə müəyyən təmaslar saxlayır və anti-Qərb bəyanatlar səsləndirir. Məncə, Rusiyanın təsir gücünün ən çox azaldığı məkan Azərbaycandır".
X.Bəşirova görə, ABŞ-nin Rusiyanın sıxışdırması isə yaranmış vəziyyətin nəticəsidir: "Əgər Ukrayna müharibəsi Kremlin Yaxın Şərqdə və postsovet məkanında əl-qolunu bağlamasaydı, bu ssenari də baş verməyəcəkdi. O halda, Rusiya üçtərəfli 10 noyabr sənədini əldə əsas tutub Zəngəzur dəhlizinin onun nəzarətində açılması üçün təzyiq göstərəcəkdi. Eyni zamanda, Bakı ilə İrəvanın sülh mətnini paraflaması bəlkə də mümkün olmayacaqdı. Rusiyanın başı müharibəyə qarışdıqca təsir imkanları azalmağa başladı və biz ikitərəfli, vasitəçisiz danışıqlarla əvvəlcə Qazaxın 4 kəndini geri aldıq, sonra sülh gündəliyi inkişaf etdirildi. 8 avqust Vaşinqton zirvəsi isə 10 noyabr sənədinin "tabutuna vurulan mismar" oldu. Şübhəsiz ki, Rusiyanın rəqibi sayılan ABŞ fürsəti əldən vermədi və onun "qulağının dibində" bu prosesi nəzarətə götürdü. Nəticədə Rusiya özünün yanlış siyasəti ucbatından Zəngəzur dəhlizinə kontrol şansını itirdi. Bundan sonra da Moskvanın sülh prosesinə və dəhlizə müdaxiləsi real görünmür. Paşinyan seçkilərdən qalib çıxmaqla hadisələr sürətlənəcək. Ona görə də Rusiyanın Cənubi Qafqazda təsir imkanları getdikcə azalacaq, amma tamamilə aradan qalxmayacaq".
Musavat.com

