İlon Maskın üçillik inadı qırıldı: Milyarder günahını etiraf etdi
Bu gün, 17:14

Avstraliya məhkəməsi tənzimləyici orqan tərəfindən İlon Maskın "X Corp." (keçmiş "Twitter") sosial media şirkətinə qarşı tətbiq edilən cərimə qərarını qüvvədə saxlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Lenta.ru məlumat yayıb.
Bildirilib ki, məhkəmənin bu qərarı şirkətin uşaqların internetdə təhlükəsizliyinin qorunması tədbirləri barədə rəsmi hesabatı vaxtında təqdim etməyərək qanunu pozduğunu etiraf etməsindən sonra qəbul olunub. Bununla da tərəflər arasında təxminən üç ildir davam edən hüquqi mübahisəyə son qoyulub.
İlon Mask tərəfindən tez-tez onlayn hücumlara məruz qalan "eSafety" tənzimləyici orqanı uşaq istismarına qarşı mübarizə üsulları ilə bağlı standart məlumat sorğusuna qeyri-adekvat cavab verildiyini əsas gətirərək, şirkəti 2023-cü ilin oktyabrında cərimələmişdi. Sonda "X" platforması öz günahını etiraf edərək məhkəmə çəkişməsini qarşılıqlı razılıqla həll edib.
Federal Məhkəmədə keçirilən dinləmə zamanı İnternet Təhlükəsizliyi üzrə Müvəkkilin hüquqşünası Kristofer Tran Avstraliyanın İnternet Təhlükəsizliyi Qanununa istinad edərək cavabdeh tərəfin qanun pozuntusunu rəsmən qəbul etdiyini bildirib.
Bu addım tənzimləyici orqanın şirkəti 25 suala dolğun cavab vermədiyinə görə 610 500 Avstraliya dolları (təxminən 400 000 ABŞ dolları) məbləğində cərimələməsi ilə başlayan genişmiqyaslı hüquqi prosesi tamamilə yekunlaşdırıb.

