"Netanyahu bizi aldadırdı" - Bayden administrasiyasının keçmiş rəsmiləri etiraf etdi" - "The New Yorker"
Dünən, 00:13

Ağ ev İsrailə kifayət qədər təzyiq göstərməyib.
ABŞ rəhbərliyi Qəzzadakı müharibə zamanı İsrailə kifayət qədər təzyiq göstərməyib, baxmayaraq ki, qapalı görüşlərdə Benyamin Netanyahu hökumətinə hərbi əməliyyatların gedişi və humanitar nəticələri ilə bağlı dəfələrlə xəbərdarlıq edilib.
Moderator.az xəbər verir ki, bu barədə "The New Yorker" jurnalının dərc etdiyi araşdırmada deyilir.
Məqalədə Bayden administrasiyasının onlarla keçmiş rəsmisinin fikirləri yer alıb. Onların sözlərinə görə, Ağ ev müharibənin ilk aylarından İsrailin intensiv hücumlarının çoxsaylı mülki itkilərə, hərbi cinayət ittihamlarına, girovlarla bağlı danışıqların pozulmasına və regionda daha geniş münaqişəyə səbəb ola biləcəyindən narahat olub.
Bayden silah tədarükünü dayandırmaq istəməyib
Baydenin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Ceyk Sallivan bildirib ki, Ağ evdə İsrailə silah tədarükünün dayandırılması dəfələrlə müzakirə olunsa da, Bayden bunu etməyib. O hesab edib ki, girovların azad edilməsi və atəşkəs razılaşması hələ də mümkündür.
Keçmiş rəsmilər həmçinin bildirib ki, ABŞ-ın İsrailə qeyd-şərtsiz ictimai dəstəyi Netanyahu hökumətini daha riskli addımlar atmağa, o cümlədən İranla qarşıdurmanı genişləndirməyə sövq edib. Kamala Harrisin keçmiş müşaviri Filip Qordon deyib ki, Vaşinqton Netanyahunu dəfələrlə İrana qarşı eskalasiyadan çəkindirməyə çalışsa da, İsrail ABŞ-ın istənilən halda onu müdafiə edəcəyinə əmin olub.
"Netanyahu iki həftəyə bitəcək" deyə vəd verirdi
Araşdırmada qeyd olunur ki, İsrail rəhbərliyi bir sıra əməliyyatlar barədə Ağ evi əvvəlcədən məlumatlandırmayıb. Keçmiş rəsmilərdən biri ABŞ-ın atəşkəs çağırışından sonra "Hizbullah" lideri Həsən Nəsrullahın öldürülməsini Bayden üçün "alçaldıcı vəziyyət" adlandırıb.
Məqaləyə görə, Netanyahu və onun yaxın silahdaşı Ron Dermer administrasiyaya dəfələrlə döyüşlərin "cəmi iki həftəyə" başa çatacağını vəd etsələr də, bu baş verməyib. ABŞ dövlət katibi Entoni Blinken Qəzzadakı dağıntıları gördükdən sonra əməkdaşlarından belə miqyaslı dağıntılara necə haqq qazandırmağın mümkün olduğunu soruşub.
Məqalədə bildirilir ki, Bayden administrasiyasının son günlərində bəzi İsrail hərbi bölmələrinə yardımı dayandıracaq sənəd də hazırlanıb, lakin Blinken bunu imzalamayıb. Səbəb kimi isə yenidən atəşkəs və girovlarla bağlı razılaşmanın yaxın olduğuna inanması göstərilib. Bundan sonra Netanyahu və Dermer növbəti dəfə yaxın zamanda girovlarla bağlı razılaşma əldə olunacağını vəd ediblər.

