İran: Türkiyə ABŞ-nin İrana qarşı planlarının qarşısını alıb

Bu gün, 08:44           
İran: Türkiyə ABŞ-nin İrana qarşı planlarının qarşısını alıb
İran tərəfi ilk dəfə Ərdoğanın Trampı sözügedən plandan imtina etməyə inandırdığına dair iddiaları dolayısı ilə təsdiqləyib
İranın xarici işlər naziri Abbas Əraqçi ölkə mətbuatına verdiyi müsahibədə Türkiyənin ABŞ ilə təmaslar quraraq İrana qarşı İraq kürd qrupları üzərindən həyata keçirilməsi nəzərdə tutulan planların qarşısını aldığını bildirib.

Sherg.az xəbər verir ki, nazirin sözlərinə görə, İran-ABŞ qarşıdurmasının ilk günlərində Vaşinqtonun İranın parçalanmasına yönəlmiş bəzi ssenariləri müzakirə etdiyi barədə məlumatlar əldə olunub. Bundan sonra Tehran İraqın Baş naziri Məhəmməd Şiya əs-Sudani, İraq Kürd Regional Rəhbərliyinin nümayəndələri və Türkiyənin xarici işlər naziri Hakan Fidanla əlaqə saxlayıb.

Əraqçi qeyd edib ki, İran tərəfi İraq Kürdüstanı ərazisindən ölkəsinə qarşı hər hansı təhlükə yaranacağı təqdirdə buna sərt cavab veriləcəyini qarşı tərəflərə çatdırıb. O, Türkiyənin bu prosesdə mühüm rol oynadığını vurğulayaraq Ankaranın ABŞ ilə danışıqlar apardığını və məsələyə münasibətdə qətiyyətli mövqe sərgilədiyini deyib.

İranlı nazirin sözlərinə görə, Türkiyənin diplomatik səyləri nəticəsində həyata keçirilməsi planlaşdırılan bir sıra təşəbbüslər baş tutmayıb.

Məlumatda qeyd olunur ki, İran tərəfi ilk dəfə olaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ Prezidenti Donald Trampı sözügedən plandan imtina etməyə inandırdığına dair iddiaları dolayısı ilə təsdiqləyib.

Əraqçinin açıqlamaları İran və ABŞ arasında gərginliyin yenidən artdığı bir vaxta təsadüf edir. İran Prezidenti Məsud Pezeşkian daha əvvəl ölkəsinin faktiki olaraq genişmiqyaslı müharibə şəraitində olduğunu bəyan etmişdi. Tehran son günlər ABŞ-nin regiondakı hərbi mövqelərinə qarşı cavab addımları atdığını, Vaşinqton isə əməliyyatlarını davam etdirdiyini açıqlayıb. Bu səbəbdən regionda vəziyyətin daha da gərginləşəcəyi ilə bağlı narahatlıqlar artır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru