Apteklərdə diazolin TAPILMIR - Hər evə lazım olan dərman niyə yoxa çıxıb?
Bu gün, 00:07

Son vaxtlar məşhur antihistamin preparat olan Diazolini apteklərdə tapmaq çətinləşib. Hətta iri aptek şəbəkələrinin filiallarında belə bu dərman mövcud deyil və depolarda da ehtiyatının qalmadığı bildirilir.
Məsələnin səbəbini soruşduqda, əczaçılar bunun dərmanın yararlılıq müddəti ilə bağlı olduğunu izah etdilər. Onun sözlərinə görə, yararlılıq müddətinin bitməsinə təxminən iki ay qaldıqda istehsalçı ölkə tədarükü müvəqqəti dayandırır, depolarda qalan köhnə partiyalar isə toplanaraq dövriyyədən çıxarılır və məhv edilir.
Bunun əsas səbəbi Diazolinin demək olar ki, hər evin əcza qutusunda saxlanılan preparatlardan biri olmasıdır. Ölkədə istifadə olunan klassik antiallergik dərman olduğu üçün insanlar alıb uzun müddət istifadə etmədən saxlaya bilirlər. Yararlılıq müddətinin sonuna az qalmış preparatın istehlakçıların əlində qalmasının qarşısını almaq üçün belə tədbir görüldüyü bildirilir.
Mövcud partiyalar dövriyyədən çıxarıldıqdan təxminən iki ay sonra isə yeni istehsal olunmuş partiya bazara buraxılır və apteklər yenidən sözügedən dərmanla təmin edilir.
Qeyd edək ki, Ukrayna istehsalı olan Diazolin 1-ci nəsil antihistamin dərman olmasına baxmayaraq təxminən 80 ildir istifadə olunur. Xüsusilə qaşınma və kəskin allergik simptomların aradan qaldırılmasında tanınan preparatlardan biri olaraq qalır.
Bizim.Media

