“Gedib 1 dəqiqə də çobanlıq edə bilməzsən, amma geyimi ucuzlaşdırırsan, açıq-saçıqlıqla..” - Dilarə Kazımovaya qarşı sərt ÇIXIŞ
4-08-2026, 07:46

Müğənni Dilarə Kazımovanın çoban qiyafəsinə bənzər geyimi sosial şəbəkələrdə sərt tənqid olunub.
Moderator.az xəbər verir ki, tanınmış bəstəkar Məryəm Əlibəyli sosial şəbəkə hesabına müğənninin geyimi ilə bağlı bunları yazıb:
“Bağışlayın, amma susmaq istəmirəm. Dilarə Kazımova, sənin nə ixtiyarı var ki, açıq qarınla, açıq sinə ilə, uzun, çoooox uzun hörüklü, papaqlı çoban obrazını yaratmısan? Bununla nə demək istəyirsən? Sənin kimilər, siz kimsiz? Sənin kimilər, nə istəyirsiz bizim milli dəyərlərimizdən, milli dəyərlərimizin daşıyıcılarından? Səhnədə, sosial şəbəkələrdə, kliplərinizdə çılpaq gəzib, ifrat və vulqar dərəcədə millətimizə layiq olmayan kimi özünüzü aparırsız. Bəs etmir? Doymursuz? Soyumursuz? Sakitləşdirə bilmirsiz özünüzü? Sənin fantaziyası qıcqırdılmış geyiminin müəllifi kimdir bilmirəm. Dilarə Kazımova, sənin özünün bir az bu millətə, yeyib-içdiyin, kef elədiyin bu torpağa, vətənə bir az hörmətin, sevgin olsa idi, çobanımızı kişiləşmiş arvada, yaxud arvadlaşmış kişiyə, yapıncısını da kostyum çexoluna bənzədən modelyerin geyimini geyməzdin” deyə bəstəkar bildirib.
Vaxtilə çobanlıq edərkən oxuduğu mahnılarla sosial şəbəkələrdə tanınan, “O səs Türkiyə” yarışmasında ölkəmizi təmsil edən, bu gün tanınmış müğənni kimi fəaliyyət göstərən Pərvin Səfərov Moderator.az-a açıqlamasında müğənninin ünvanına sərt sözlər bildirib:

“Artıq hər şeyə toxunublar. Hər şeyin “ağını” çıxarıblar. Amma müəyyən mövzular var ki, onlara toxunmaq olmaz. Milli geyimlərimizdir, çobanlıq peşəsidir və s. mövzulardır ki, bunlar toxunulmazdır. Çobanlıq əziyyətli, zəhmətli peşədir. Kənardan baxanda bəsit, asan görünə bilər. Amma bu peşədə çətinliklər daha çoxdur. Onu obraz edib ucuzlaşdırmaq, açıq-saçıq geyimlə kombin etmək milli dəyərlərə toxunmaq kimi bir şeydir. Obraz yarada bilərsən, amma bu təhqir formasında olmalı deyil. Bizdə kənddə qoyun otaran, çobanlıq edən qadınlar da var. Elə biri mənəm anam. Amma onlar kişilərin geyindiyi çoban geyimindən istifadə etmirlər. Qadın geyimində çobanlıq edirlər. Dilarə Kazımovanın bu obrazı qəbuledilməzdir. Sən gedib çobanlığın bir dəqiqə əziyyətini çəkə bilməzsən, amma onu obraz edib ucuzlaşdırırsan, gözdən salırsan” deyə o bildirib.
Pərvin Səfərov böyük səhnələr dəf etsə də heç vaxt çobanlıq etdiyi illəri unutmadığını bildirib:
“Mən kənddə böyümüşəm, çoban olmuşam. Çobanlıqdan, maldarlıqdan bu sahəyə gəlib çıxmışam. Mən olduğum kimi özümü göstərdim. İnsanlar da məni olduğum kimi sevdilər. Milli Konservatoriyada təhsil alıb, xorda oxudum. Çobanlıq illərimi hər zaman xatırlayıram. Heç vaxt keçmişimi unutmuram. O illərdə uşağlığımı yaşamışam. 5-6 yaşım var idi. 3 qoyunla çobanlığa başlamışam. Evimizin yanında qoyunları otarırdım. Yavaş-yavaş mən böyüdüm, təsərrüfatımız artdı. Tək qoyun yox, inək də, camış da otarmışam. Hərbi xidmətə gedib gələndən sonra da çobanlıq etmişəm. Zəhmətin nə olduğunu mən çox gözəl bilirəm. Mənim istedadım olmasaydı bəlkə indi də oyun-quzu otarırdım. Sənət camiyəsində adamı o qədər yoran şeylər olur ki, hərdən istəyirəm ki, gedib əvvəlki həyatımı yaşayım. Bəzən də düşünürəm ki, istedadıma qarşı haqsızlıq etmiş olaram” deyə Pərvin Səfərov bildirib.

