"Müəyyən müddətdən sonra bazarda özünü doğrultmayan Çin avtomobilləri bazarı tərk edəcək" — Ekspert
11-08-2026, 16:24

Çin istehsalı avtomobillərin Azərbaycan bazarında sayının sürətlə artması avtomobil sektorunda rəqabəti də dəyişir. Daha münasib qiymət, zəngin texnoloji təchizat və elektrikli, hibrid modellərin çoxalması istehlakçıların seçimlərinə təsir göstərir. Nəticədə ənənəvi olaraq bazarda üstünlük təşkil edən markalar yeni rəqabət mühiti ilə üzləşir.
Bəs Çin avtomobillərinin bazardakı payının artması yerli avtomobil bazarına necə təsir edir və bu tendensiya qarşıdakı illərdə hansı dəyişikliklərə səbəb ola bilər?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının sədri Eyyub Əliyev bildirib ki, son illər Çin istehsalı avtomobillərin qlobal miqyasda yayılması ilə Azərbaycanda da onların populyarlaşması müşahidə olunur.
Onun sözlərinə görə, əsas amillərdən biri qiymətdir:
“İkincisi, interyer və eksteryerin görünüşüdür. İnsanlar daha münasib qiymətə vizual olaraq daha cəlbedici bir avtomobil əldə etmək istəyirlər. Bu da normal bir haldır.
Çin avtomobillərinin üstünlüklərindən biri də qənaətcil olmasıdır. Buna mühərrik həcminin kiçik olması və yanacaq sərfiyyatının az olması daxildir. Ümumiyyətlə, Çin avtomobillərinin yerli bazara çox böyük təsiri var. Əsas təsiri isə odur ki, son illərdə satılan avtomobillərin əksəriyyəti Çin avtomobilləridir.
Amma burada bir məqama diqqət yetirmək lazımdır. Çin avtomobilləri nə qədər satılsa da, Koreya və Yaponiya avtomobilləri kimi Azərbaycan bazarında özünü hələ tam doğrultmayıb və bazarda möhkəmlənməyib. Burada müxtəlif amillər var.
Məsələn, Azərbaycan bazarında satılan Çin avtomobillərinin bir çoxu özünü doğruldub. Onların istər rəsmi servis mərkəzlərinin olması, istər ehtiyat hissələrinin mövcudluğu, istərsə də ixtisaslaşmış ustaların bölgələrdə xidmət göstərməsi kimi amillər avtomobillərə olan etimadı artırır.
Lakin bu, hazırda bütün Çin avtomobillərinə şamil edilə bilməz. Hazırda belə etimadı qazanan Çin avtomobillərinin sayı azdır. Ümumi götürdükdə, Çin avtomobilləri Koreya avtomobilləri kimi etimad qazanmayıb, Yaponiya avtomobilləri kimi də Azərbaycan bazarında güvən qazanmayıb. Bunun üçün vaxt və müəyyən müddət lazımdır.
Yəqin ki, müəyyən müddətdən sonra bazarda özünü doğrultmayan Çin avtomobilləri bazarı tərk edəcək. Özünü doğruldan avtomobillər isə bazardakı mövqelərini möhkəmləndirəcək və artıq Koreya və Yaponiya avtomobilləri kimi etimad simvoluna çevrilə biləcəklər”, – deyə ekspert fikrini tamamlayıb.

