Putin Kurilə niyə getdi?

14-08-2026, 10:34           
Putin Kurilə niyə getdi?
Bu gün Vladimir Putin Rusiyanın nəzarətində olan, amma Yaponiyanın da öz ərazisi hesab etdiyi İturup adasına səfər edib. Bu, Putinin Kuril adalarına ilk səfəridir. Yaponiya isə buna sərt etiraz edib və səfəri “qəbuledilməz” adlandırıb.
İlk baxışda məsələ sadə görünür: Rusiya öz ərazisi hesab etdiyi adaya prezidentini aparıb, Yaponiya da etiraz edib.
Amma burada daha maraqlı bir məqam var.
Rusiya ilə Yaponiya arasında II Dünya müharibəsindən sonra sülh müqaviləsi hələ də bağlanmayıb.
1956-cı ildə Sovet İttifaqı ilə Yaponiya arasında Birgə Bəyannamə imzalanıb, müharibə vəziyyətinə son qoyulub və diplomatik münasibətlər bərpa edilib. Amma sülh müqaviləsinin bağlanması məsələsi açıq qalıb. Əsas problem isə məhz Kuril adalarının cənubundakı dörd adadır.
Hətta 1956-cı il razılaşmasında Sovet İttifaqı Şikotan və Habomai adalarını sülh müqaviləsindən sonra Yaponiyaya verməyə hazır olduğunu bildirmişdi. Ancaq İturup və Kunaşir məsələsində razılaşma əldə olunmadı.
İndi isə Putin gedib məhz İturupa.
Bu səfəri sadəcə “prezident regiona baş çəkdi” kimi qəbul etmək çətindir. Çünki söhbət sıradan bir adadan yox, Rusiya ilə Yaponiya arasında 80 ildən artıqdır həll olunmayan ərazi mübahisəsinin simvollarından birindən gedir.
Üstəlik, Rusiya ilə Yaponiya münasibətləri Ukrayna müharibəsindən sonra onsuz da ciddi şəkildə pisləşib. Yaponiya Rusiyaya qarşı sanksiyalara qoşulub, Moskva isə 2022-ci ildə sülh müqaviləsi üzrə danışıqlardan çəkilib. Belə vəziyyətdə Putinin ilk dəfə şəxsən mübahisəli adaya getməsi daha çox “buradakı Rusiya hakimiyyəti müzakirə mövzusu deyil” mesajına oxşayır.
Yaponiyanın reaksiyası da buna görə yalnız diplomatik protokol deyil. Tokio üçün məsələ ərazi iddiasından əlavə, II Dünya müharibəsinin nəticələrinin necə şərh olunması məsələsidir. Rusiya isə müharibədən sonrakı beynəlxalq razılaşmalara əsaslanaraq adalar üzərində suverenliyini müdafiə edir.
Beləliklə, 1945-ci ildə bitmiş hesab etdiyimiz müharibənin bir parçası hələ də tam bitməyib.
Dövlətlər müharibəni dayandıra bilirlər.
Amma sülh müqaviləsi imzalanmayanda tarix bəzən 80 il sonra prezidentlə birlikdə adaya qayıdır.
Ceyhun Abdullayev
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru