Vaşinqtondan Yaxın Şərqə ultimatum: Tramp region ölkələrini hədəfə aldı

Bu gün, 16:58           
Vaşinqtondan Yaxın Şərqə ultimatum:
ABŞ prezidenti Donald Tramp İranla aparılan nüvə danışıqları barədə yeni və sərt mesajlar verib. Tramp “İranla anlaşacağam” desə də, razılaşmanın yalnız iki ölkə arasında məhdud qalmayacağını bildirib və region ölkələrinə şərt irəli sürüb.

Referans Media xəbər verir ki, Tramp Yaxın Şərqdəki bir sıra ölkələrin eyni vaxtda İsraillə münasibətləri normallaşdırmasını tələb edib. Onun sözlərinə görə, yalnız bu halda İranla razılaşma imzalana bilər.

Tramp çıxışında bildirib: “Əgər bütün region İsraillə anlaşmasa, mən də İranla heç bir saziş imzalamayacağam.”

ABŞ prezidenti sözügedən prosesin İbrahim Sazişləri çərçivəsində genişlənməsini istəyib. O, xüsusilə Səudiyyə Ərəbistanı, Qətər, Türkiyə, Misir, İordaniya, Pakistan və BƏƏ-nin prosesə qoşulmasının vacibliyini vurğulayıb.

Trampın açıqlamasına görə, İranla mümkün razılaşma yalnız regional sülh paketinin bir hissəsi kimi qəbul oluna bilər.

Eyni zamanda ABŞ administrasiyasının digər rəsmiləri də diplomatik prosesin davam etdiyini, lakin alternativ ssenarilərin də masada olduğunu bildiriblər.

Son günlər Hörmüz boğazı ətrafında artan gərginlik fonunda bu açıqlamalar beynəlxalq siyasətdə diqqət mərkəzinə çevrilib.

Analitiklər hesab edir ki, Trampın bu mövqeyi həm İranla danışıqlara təzyiqi artırmaq, həm də region ölkələrini eyni masa ətrafında toplamaq məqsədi daşıyır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru