"Kawasaki" və "Nvidia" ABŞ-da "fiziki süni intellekt" inkişaf mərkəzi yaradacaq
Bu gün, 15:44

Yaponiyanın “Kawasaki Heavy Industries” şirkəti “Nvidia”, “Fujitsu” və “Microsoft” ilə birgə robototexnika üçün “fiziki süni intellekt” sistemlərinin hazırlanmasına başlayır.
Valyuta.az xəbər verir ki, TNW-nin məlumatına görə, əməkdaşlıq çərçivəsində ABŞ-ın San-Xose şəhərində tədqiqat mərkəzi yaradılacaq.
Bu mərkəzin əsas məqsədi avtonom robot platformalarının öyrədilməsi və sınaqdan keçirilməsi olacaq. İlk mərhələdə layihə tibb robotlarına, yaşlılara yardım sistemlərinə və şəxsi nəqliyyat vasitələrinə fokuslanacaq.
Ən diqqətçəkən layihələrdən biri “Corleo” adlı eksperimental dördayaqlı robotdur. "Kawasaki" tərəfindən hazırlanan bu platforma çətin relyefdə hərəkət etmək üçün nəzərdə tutulub. Robotun ölçüsü böyük motosikletə bənzəyir və hərəkət üçün 150 kubsantimetrlik hidrogen mühərrikindən istifadə edir.
“Corleo”nun idarə olunması ənənəvi sükan sistemi ilə deyil, istifadəçinin bədən çəkisinin dəyişdirilməsi ilə həyata keçirilir. Şirkət bu layihəni 2030-cu ildə Riyadda keçiriləcək "Expo" sərgisində təqdim etməyi və növbəti onilliyin ortalarına qədər satışa çıxarmağı planlaşdırır.
“Nvidia” ilə əməkdaşlıq layihənin konsept mərhələsindən real tətbiq mərhələsinə keçidini sürətləndirməyi hədəfləyir. Şirkət robotların virtual mühitdə öyrədilməsi və real testlərdən əvvəl simulyasiya edilməsi üçün Nvidia-nın süni intellekt platformalarından istifadə edəcək.
Bazar bu xəbərə müsbət reaksiya verib: “Kawasaki” səhmləri təxminən 12 faiz artıb və bu, fevral ayından bəri ən böyük gündəlik yüksəliş kimi qeydə alınıb. Digər Yapon sənaye robototexnika şirkətlərinin də səhmləri bahalaşıb, çünki investorlar bu əməkdaşlığı süni intellekt əsaslı robototexnikada yeni mərhələnin başlanğıcı kimi qiymətləndirirlər.

