Yollardakı "tor": Sürücü maşın sürsün, yoxsa xətt ayırsın?

Bu gün, 00:10           
Yollardakı "tor": Sürücü maşın sürsün, yoxsa xətt ayırsın?
Son dövrlər paytaxtın müxtəlif küçə və prospektlərində yol nişanlanması ilə bağlı müşahidə olunan vəziyyət sürücülər arasında narahatlıq yaradır.

Bir çox ərazilərdə yol nişanlanma xətlərinin qarışıq şəkildə çəkilməsi, zolaqların aydın seçilməməsi və bəzi hallarda nişanlanmanın ümumiyyətlə, solğunlaşması nəqliyyat axınının idarə olunmasını çətinləşdirir.

Xüsusilə intensiv hərəkət olan yollarda xətlərin qeyri-dəqiq və anlaşılmaz görünməsi diqqətin yayınmasına səbəb olur. Bu isə həm sürücülərin qərarvermə prosesinə təsir edir, həm də yol hərəkətinin ümumi təhlükəsizliyi baxımından risk yaradır.

Aydın olmayan nişanlanma şəraitində sürücülər məcburən daha ehtiyatlı hərəkət etməli olur ki, bu da bəzən tıxacların yaranmasına qədər gedib çıxır.

“Cebheinfo.az”-a açıqlamasında nəqliyyat eksperti Adil Nəbiyev bildirib ki, nişanlanmanın aydın, görünən və standartlara uyğun olması yol hərəkəti iştirakçılarının təhlükəsizliyi baxımından böyük əhəmiyyət daşıyır:

“Yol nişanlanması yol hərəkətinin təhlükəsiz və nizamlı təşkili üçün ən vacib elementlərdən biridir. Sürücülər hərəkət istiqamətini, zolaqların təyinatını, ötmə imkanlarını, dayanma və parklanma qaydalarını məhz yol xətləri vasitəsilə müəyyən edirlər.

Buna görə də nişanlanmanın aydın, görünən və standartlara uyğun olması yol hərəkəti iştirakçılarının təhlükəsizliyi baxımından böyük əhəmiyyət daşıyır.

Son dövrlərdə paytaxtın bəzi küçə və prospektlərində yol xətlərinin solğunlaşması, köhnə nişanlanmaların tam silinmədən yenilərinin çəkilməsi, eləcə də bəzi ərazilərdə xətlərin qeyri-dəqiq görünməsi sürücülər arasında narahatlıq yaradır.

Belə hallarda sürücülər hansı zolaq üzrə hərəkət etməli olduqlarını müəyyən etməkdə çətinlik çəkir, xüsusilə gecə saatlarında və yağışlı havalarda bu problem daha qabarıq şəkildə hiss olunur”.

O qeyd edib ki, qarışıq və ya görünməyən nişanlanma sürücünün diqqətini yoldan yayındırır və əlavə qərarvermə yükü yaradır:

“Nəticədə ani zolaq dəyişmələri, yanlış manevrlər və digər hərəkət iştirakçıları ilə anlaşılmazlıqlar meydana çıxır. Bu isə yol-nəqliyyat hadisələrinin başvermə riskini artırır.

Eyni zamanda sürücülərin ehtiyatlı davranmaq məcburiyyətində qalması nəqliyyat axınının sürətini azaldır və sıxlıq olan ərazilərdə tıxacların yaranmasına səbəb olur.

Mütəxəssislərin fikrincə, yol nişanlanmaları mütəmadi olaraq yenilənməli, aşınmış xətlər vaxtında bərpa edilməli və yeni nişanlanmalar çəkilərkən köhnə xətlər tam şəkildə silinməlidir.

Bundan əlavə, gecə vaxtı daha yaxşı görünən və uzunömürlü materiallardan istifadə olunması sürücülərin rahatlığına və təhlükəsizliyinə müsbət təsir göstərə bilər.

Yol hərəkətinin təhlükəsizliyi təkcə sürücülərin qaydalara əməl etməsindən deyil, həm də yol infrastrukturunun keyfiyyətindən asılıdır. Aydın və düzgün nişanlanmış yollar sürücülərə daha rahat hərəkət imkanı yaradır, qəzaların sayını azaltmağa kömək edir və şəhər nəqliyyatının daha səmərəli işləməsinə şərait yaradır”.

Deputat Fazil Mustafa isə bildirib ki, bu məsələyə xüsusi diqqət yetirilməlidir:

“Sürücülər üçün zolaqların qarışıq olması ciddi problem yaradır. Əslində bu, mürəkkəb olmayan bir mexanizmdir, lakin nədənsə, daha da çətinləşdirilib və nəticədə vəziyyəti anlamaq çətin olur. Sürücü üçün daha sadə və aydın variantın yaradılması vacibdir.

Çünki qəfil qərarvermə halları qəza riskini artırır. Hesab edirəm ki, doğrudan da belə bir problem mövcuddur və onun həlli yaxın zamanda tapılmalıdır ki, vətəndaşların narahatlığı aradan qalxsın.

Bundan əlavə, piyada keçidlərinin işıqlandırılması məsələsi də çox önəmlidir. Piyada keçidlərində tez-tez xətlərin aşınması, işarələmələrin pozulması qəza riskini daha da artırır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru