Yandırıcı yay istiləri turistlərin istirahət vərdişlərini dəyişdirir

5-06-2026, 08:44           
Yandırıcı yay istiləri turistlərin istirahət vərdişlərini dəyişdirir
Son illərdə yayılan güclü istilər dünya üzrə turizm davranışlarını dəyişməyə başlayıb.

Qaynarifno xəbər verir ki, bu barədə "National Geographic” yazır.

Məlumata görə, Avropada turistlərin böyük hissəsi artıq ənənəvi yay tətili modelini – xüsusilə Aralıq dənizi sahillərində istirahəti – yenidən nəzərdən keçirir. Son araşdırmaya əsasən, avropalıların 81%-i iqlim dəyişiklikləri səbəbindən səyahət planlarını dəyişir.

Məqalədə Britaniyadan olan Heike və Robert Taylor cütlüyünün təcrübəsi nümunə göstərilir. Onlar illərlə Cənubi Avropada yay tətili keçiriblər, lakin 2022-ci ildə İtaliyada qeydə alınan güclü istilər səbəbindən demək olar ki, evdən çıxmadan istirahət etmək məcburiyyətində qalıblar. Bundan sonra cütlük yay aylarında sərin iqlimli ölkələrdə qalmağa qərar verib.

Mütəxəssislər bildirirlər ki, istilik dalğaları artıq yalnız yay mövsümü ilə məhdudlaşmır. Məsələn, 2022-ci ilin mayında İspaniyada temperatur mövsüm normasını 15°C keçib, 2023-cü ilin sentyabrında isə Fransadakı isti hava regbi üzrə dünya çempionatına da təsir göstərib. BMT Baş katibi Antonio Quterreşin sözlərinə görə, "ekstremal istilər artıq nadir hadisə deyil, yeni normadır”.

BMT-nin İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelinin (IPCC) qiymətləndirmələrinə əsasən, insan fəaliyyəti qlobal istiləşməni və ekstremal hava hadisələrini gücləndirir və bu tendensiyanın davam edəcəyi gözlənilir.

Mütəxəssislər yaxın onilliklərdə daha da isti iqlim şəraitinin formalaşacağını və turizmdən asılı ölkələr üçün bunun ciddi iqtisadi təsirlər yaradacağını bildirirlər.

Ən çox təsirə məruz qalan region isə Avropadır. Dünya Meteorologiya Təşkilatının məlumatına görə, Avropa planetdə ən sürətlə isinən qitədir və eyni zamanda ən çox turist qəbul edən bölgədir. Fransa, İspaniya, İtaliya və Yunanıstan hər il ən populyar istiqamətlər sırasında yer alır.

Bu vəziyyət fonunda "sərinləşdirici turizm” anlayışı getdikcə populyarlaşır. Turistlər Skandinaviya və Şimali Avropa ölkələrinə – Finlandiya, Norveç, Polşa və İslandiyaya daha çox maraq göstərməyə başlayıb.

Bununla belə, turizm statistikasında hələ də cənub ölkələri liderliyini qoruyur: 2025-ci ildə Fransa 102 milyon, İspaniya 96,8 milyon turist qəbul edib.

Bəzi turizm təşkilatları isə hesab edir ki, istilik dalğaları hələlik qlobal turizm axınını ciddi şəkildə dəyişdirməyib və Aralıq dənizi bölgələrinə maraq davam edir.

Eyni zamanda isti iqlimli ölkələr artıq uyğunlaşma tədbirləri görür. Məsələn, İspaniyanın Sevilya şəhərində küçələrin soyudulması üçün su püskürtmə sistemləri, kölgəliklər, yaşıl zonalar və gecə saatlarına keçirilən turizm fəaliyyətləri tətbiq edilir.

Mütəxəssislər həmçinin "noktuturizm” – gecə vaxtı səyahət və şəhər kəşfi trendinin də sürətlə yayıldığını bildirirlər.

Ekspertlərin fikrincə, gələcəkdə turistlər daha çevik planlama aparacaq və hava şəraitinə uyğun daha gec rezervasiya etməyə üstünlük verəcəklər. Bu isə turizmin həm mövsümi, həm də coğrafi baxımdan daha balanslı yayılmasına səbəb ola bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru