Ölkəmizdə yeniyetmələrin iştirakı ilə artan cinayətlərin arxasında nələr dayanır? - Psixoloq AÇIQLADI

15-10-2025, 12:34           
Ölkəmizdə yeniyetmələrin iştirakı ilə artan cinayətlərin arxasında nələr dayanır?
Son zamanlar Azərbaycanda yeniyetmələrin iştirakı ilə törədilən cinayətlərin sayı xeyli artıb. Xüsusən də, bu cür cinayətləri yeniyetmələr bir-birlərinə qarşı törədir. Cəmiyyətimiz tez-tez “İsmayıllıda 17 yaşlı yeniyetmə həmyaşıdını bıçaqladı”, “Gəncədə 18 yaşlı şəxs 16 yaşlı yeniyetməni bıçaqlayaraq öldürdü” başlıqlı xəbərlərlə qarşılaşır. Həyatında hələ yenicə çiçəklənmə dövründə olan yeniyetmələr bir-birləri ilə dostlaşıb, gələcəklərinin gözəl olması uğrunda təhsil almaq əvəzinə, zorakıllıq hallarına üz tuturlar.

Maraqlıdır ki, yeniyetmələr niyə pis yoldan irəliləməyi üstün tuturlar? Yeniyetmələrin zorakılıq və aqressiv davranışların kökündə hansı psixoloji problemlər dayanır?

Yeniyetmələrin şiddətə meyilliliyinin psixoloji tərəflərini Patrulaz.az-a açıqlayan psixologiya Elmi-Tədqiqat Universitetinin sədri, psixoloq Elnur Rüstəmov bildirib ki, yetkinlik yaşına çatmayan şəxslərin cinayət əməlini törətməsinin arxasında ailədaxili mübasibətlərdəki yaşanan problemlər dayanır:

“Azərbaycanda yeniyetmələr arasında cinayətkarlıq Avropa və ya qonşu ölkələrlə müqayisədə daha yüksək səviyyədədir” kimi qəti iddia üçün ictimai statistik göstəricilər zəifdir. Ancaq bu hələ qeyd etdiyim kimi, problemin olmadığı demək deyil, biz onu “potensial risk sahəsi” kimi qəbul etməliyik və qarşısını almaq üçün tədbirlər görməliyik. Səbəb kimi müxtəlif amillər qeyd edilir. Xüsusən, uşaqlıqda zorakılığa məruz qalma, ailədaxili konfliktlər, valideynlərin alkoqolizm və ya narkotik istifadə etməsi, boşanma, valideyn diqqətsizliyi kimi hallar yeniyetmədə empatiya itkisi, qəzəb idarəetmə çətinliyi və davranış problemləri yaratma riski daşıyır. Belə hallar yeniyetmələrdə şəxsi təhlükəsizlik ağırlıqlı dünyagörüşünün formalaşmasına təkan verə bilər. Həmçinin yeniyetmələrdə depressiya, həyəcan-təşviş, aqressivlik, travma reaksiyaları onların davranış kontrolunu zəiflədə bilir. Həmçinin, travmatik şərait insanı özünü müdafiə və ya zor tətbiq etməyə daha meyilli edə bilər. Valideyn nəzarətinin zəif olması, disiplinin qeyri-müntəzəm olması, konfliktli ailə mühiti, valideynlər arasında zorakılıq modelləri də yeniyetmə davranışına təsir edə bilər. Bu onu nəzarətsizlik və impulsiv qərarlara sövq edə bilər”.

Psixoloqun sözlərinə görə, Azərbaycanda yeniyetmələrin iştirakı ilə baş verən cinayətlərin sayı digər ölkələrlə müqayisədə az olsa da, bu tendensiyanın artmaması üçün profilaktik tədbirlərə ehtiyac var:

“Qeyd edim ki, yeniyetmələr arasında zorakılıq və cinayətkarlıq məsələsi daim ictimai və psixoloji baxımdan diqqət mərkəzindədir. Bununla bağlı öncə istərdim statistik vəziyyəti və müqayisəli təhlili diqqətinizə çatdırım. Rəsmi statistika göstərir ki, Azərbaycanın Cinayət Məcəlləsi çərçivəsində 14–17 yaşlı şəxslər “yeniyetmə” kateqoriyasına daxil edilir və onların törətdikləri cinayətlər barədə ayrıca göstəricilər də ictimaiyyətə açıqlanır. Bütün Azərbaycanda törədilən cinayət hadisələrində uşaqların və yeniyetmələrin payının ümumi cinayət sayına nisbəti hələ ki, çox böyük deyil. Məsələn, cinayət hallarının böyük hissəsi daha geniş yaş qruplarına aiddir. Ölkəmizdə ölümə gətirib çıxaran qəsdlərin sayı məlumdur: 2021-ci ildə Azərbaycanda 100 000 nəfərə düşən qəsdlərin göstəricisi 1,91 idi, bu da dünya miqyasına baxanda yüksək göstərici sayılmaz. Yəni, statistikaya baxdıqda, “cinayət olaylarının sayı yeniyetmələr arasında Azərbaycanda digər ölkələrlə müqayisədə çoxdur” demək üçün güclü əsas yoxdur. Amma bu, problemi gözardı etməyə əsas vermir, çünki fərdi hallarda törətdikləri cinayətlər xarakteri, motivi və sosial nəticələri baxımından diqqət tələb edir”.

Psixoloq həmçinin bildirib ki, yeniyetmənin davranışının formalaşmasında ətraf mühit, o cümlədən media mühum rol oynayır:

“Bu mərhələdə yeniyetmənin olduğu dost çevrəsi də mühüm rol oynayır. Bəzi hallarda, zorakılığı “bacarma”, “özünü sübut etmə”, “qorunma” yolu kimi dəyərləndirən düşüncə sistemləri formalaşa yeniyetmədə formalaşa bilər. Media, pop-mədəniyyət təsirləri bu düşüncələri gücləndirir. Məktəblərdə zorakılıq, bulinq halları psixoloji yaralara səbəb olur və yeniyetməni “qarşılıqlı qorunma” refleksinə yönəldir. Eləcə də internetdə zorakı məzmunun yayılması, “oyun dünyaları”, sosial şəbəkələrdə provokativ davranış modellərinin nümayişi, bütün bunlar da yeniyetmələrin normativ-məqbul olmayan davranışlara uyğunlaşmasına stimul verə bilir. Həmçinin yeniyetmə özünü dəyərsiz, gələcəyini qaranlıq görən halda zorakı davranışa yönələ bilər. Kimlik axtarışı, mənsubiyyət ehtiyacı bu nöqtədə kritikdir. Səbəbər çoxdu”.

E.Rüstəmovun sözlərinə görə, məktəblərdə zorakılıqla mübarizə gücləndirilməli, valideynlər və gənclər üçün dəstək və sosial fəaliyyət imkanları genişləndirilməlidir:

“Statistik göstəricilər də göstərir ki, yeniyetmələr arasında cinayət hadisələrinin sayı ölkə üzrə ümumi cinayətkarlıq içində böyük pay tutmur, bu da bizim müqayisəli üstünlüyümüz ola bilər. Amma bu hələ də məsələni arxa plana keçirməyə haqq verməz. Problem sahəsini “kiçik lakin kritik” kimi qəbul etməliyik, çünki hər bir fərdi hadisə insan həyatı və cəmiyyət üçün önəmlidir. Əsas məqsəd profilaktik tədbirlər, erkən müdaxilə sistemləri, ailə maarifləndirməsi, psixoloji yardım şəbəkələrinin genişləndirilməsi olmalıdır. Məktəb sistemində zorakılıqla mübarizə mexanizmləri gücləndirilməli, şagird-müəllim dialoqu, empatiya bacarıqları və emosional tənzimləmə dərsləri artırılmalıdır. Həmçinin valideynlər üçün təlimlər, sosial yardım proqramları, gənclər üçün səmərəli məşğulluq və sosial fəaliyyət sahələri yaratmaq çox önəmlidir”.

Cəmilə Cəfərzadə












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru