Niyə tariximizə baxışda “Moğol xoxanı” var?
Bu gün, 10:54

Bu yaxınlarda bir yazı oxudum, Moğol yürüşlərinin Türklərə vurduğu zərbə, dağıntı və ağır psixoloji təsirlə bağlı. Yazıda Türklərin tarixi gedişatda gəlib şiəliyə yönəlməsi Monqolların və Əmir Temurun gətirdiyi dağıntı və psixoloji çöküşlə əlaqələndirilir.
Oxuduğum yazı bir yana dursun, ümumiyyətlə, Türkiyə tarixçiliyində qəbul edilmiş bir yanaşma var ki, Monqollar gəldi, qırdı, çatdı, taladı, Türklərə misli görünməmiş ziyan vurdu. Bu yanaşma elmi baxımdan olduqca qüsurlu və əsassızdır.
Bacardıqca qısa:
Tarixdə bir iddianı dəstəkləmək üçün ona qaynaq tələb olunur. Monqolların Türklərə böyük zərbə vurmasının tarix mətnlərində bir izi yoxdur. Yəni heç bir Monqol dönəmi, yaxud Monqollardan sonrakı dönəmə aid tarixçi "Monqollar gəlişi bizim türk hakimiyyətimizə son qoydu", yaxud "hakmiyyəti monqollardan geri aldıq" tipli hekayə qurmağa gərək duymur. Tam əksinə Moğol hakimiyyəti Türk hakimiyyətinin, Türk hakimiyyəti də Moğol hakimiyyətinin davamı kimi görülür. Ümummiyyətlə Türklərin qaynaqları Çingizxanı, istisnasız olaraq, Türk hesab edirlər. Yəni Türk tarixçiliyndə Monqollara qarşı bir düşmən obrazı yaraşdırması qəti şəkildə yoxdur.
Bəs folklorda necə?
Tarixi mətnlərdə Monqollara qarşı bir düşmən obrazı olmamış ola bilər, bəlkə bu xalq şüurunda olub? Nağıllarda, dastanlarda..
İşin əsas nöqtəsi elə budur. Bizim heç bir dastanda, nağılda, yaxud başqa xalq yaddaşını əks etdirən folklor nümunələrində Monqollara qarşı, yaxud Monqol olduğunu zənn edə biləcəyimiz qruplara qarşı düşmən münasibət yoxdur. Ümumiyyətlə dastanlarda Monqol-Türk ayrımı yoxdur.
Sual, belə bir münasibət olmalıdırmı? Tarixdə başqa örnəkləri varmı?
Olmalıdır və var. 16-cı yüzil boyunca bölgədəki Türk əhali Osmanlı əlindən ciddi zərbə yeyir. O fəlakətli, ağrılı, sürgün dolu dönəm tarixə Cəlali hərəkatları kimi düşür. Cəlali məsələsinə Osmanlının tutumu və bunun Türk əhaliyə qarşı zərbələri haqqında tarixi qaynaqlarda nə qədər desəniz bilgi var. Bəs folklorda necə? Cəlali üsyanlarının folklorumuza ən yaxşı yansıdığı yer Koroğlu dastanıdır. Dastanda Osmanlıya, onun elitasına qarşı ciddi nifrət elementləri var, məsələn, "öldürək xotkarlar, qıraq paşalar.." (xotkar - osmanlı sultanı).
Beləliklə, xalq öz şüurunda bir tərəfi düşmənləşdirirsə, bu haqda tarixi mətnlər yazmasa belə, nağıllar, dastanlar folklor mütləq nəsə yazacaq. Bəs monqollar haqqında niyə belə elementlər nəzərə çarpacaq dərəcədə deyil? Halbuki Dədə Qorqud dastanı belə mümkün düşmənlik izləri barədə gözəl örnək ola bilərdi. Dastanın oturuşması və yazıya alınması 15-16-cı yüzillərdir (yazıya alınma 16dır, hekayədəki Bayandur xan, Trabzon təkfuru kimi obrazları nəzərə aldıqda saraya qəbulunu ən azı Ağqoyun dönəmi hesab etmək olar). Yəni Dədə Qorqud dastanı Moğollara qarşı nifrət elementlərinin olması gözlənilən bir dastandır. Ancaq orda belə bir nifrətin heç izi belə yoxdur.
Bu məsələyə ən yaxın göstərici bəlkə Molla Nəsrəddin hekayələrindəki Əmir Teymur obrazını göstərmək olar. Ancaq orda da monqollar və ya Teymur qəti şəkildə mütləq şər kimi təqdim edilmir. Əksinə Teymur o hekayələrdə daha çox ədalətli hökmdar kimi təqdim edilir.
Beləliklə qarşımıza "Qaynaqların Susqunluğu" deyə biləcəyimiz bir fenomen çıxır. Heç bir qaynaq Moğolları düşmən hesab etmədiyi halda bəzi tarixçilər onları bizə düşmən kimi tanıdır. Görəsən niyə?
Jafar JafarLi
TEREF

