Şair və iki bəbsdən qayıdan syasi dustaq (Xatirələr)
Bu gün, 12:14

Şair Gülhüseyn Hüseynoğlu, Dillər Universitetinin mərhum müəllimi İsmixan Rəhimov 1950-cu ildə siyasi məhbus kimi həbs olunub, 1957-ci ildə artıq azadlığa buraxılmışdılar. Bəraət almaqlarına baxmayaraq, bəzi köhnə dostları, tanışları onlardan qaçardı. Onlarla üz-üzə gəlməkdən ehtiyat edərdilər, qorxardılar, çəkinərdilər. Atam isə heç nəyə əhəmiyyət verməyərək onlarla elə əvvəlki dostluğunu davam etdirir, tez-tez onlarla görüşürdü. Hətta vəfatından bir qədər əvvəl İsmixan Rəhimov bu barədə televizorda müsahibə də vermişdi. İsmixan Rəhimov deyirdi ki, biz üç nəfər siyasi məhbus idik. Yeddi il həbsdə olandan sonra bəraət alıb, uzaq Rusiya həbsxanalarından azad olub qatarla vətənə qayıdırdıq. Yol boyu düşünürdük ki, görəsən bizi vətəndə kim qarşılayacaq, vağzalda bizi kim gözləyir? Ümumiyyətlə bizi gələcəkdə nələr gözləyir? Gələcək taleyimiz necə olacaq? Yoxsa hamı bizdən üz döndərəcək, bizdən qaçacaq. Çox da ki, bəraət almışıq. Onsuz da adımız “vətən xainidir”. Yağışlı bir gün idi. Qatar Bakıya yaxınlaşdıqca həyəcanımız get-gedə artırdı. Heç özümüzdə deyildik. Nəhayət ki, qatar Bakıya gəlib çatdı. Qatardan düşdük. Perronda heç kim yox idi. Heç kim yox idi deyən də ki, adam var idi. Bizi qarşılayanlar, bizi gözləyənlər yox idi. Heç kim bizi qarşılamağa gəlməmişdi. Təkcə uzaqda arıq bir oğlan dayanmışdı. Bizdən çox uzaqda olduğundan hələ onu tanıya bilməmişdik. Biz vağzalda boynumuzu büküb dayanmışdıq. Nə edəcəyimizi, hara gedəcəyimizi də bilmirdik. Uzaqda dayanan oğlan elə arıq idi ki, sanki pencəyini əyninə geyməmişdi, çiyninə atmışdı. Yanımda duran məhbus dostum yavaşca məndən soruşdu ki: – Ay İsmixan bu axı deyəsən Bəxtiyardır.
Dedim ki, Bəxtiyarın burda nə işi var? O bura niyə gəlsin ki?... Bütün ətrafa gizlində KQB əməkdaşları nəzarət edir, baxırlar ki, görsünlər bizi kim qarşılayacaq, biz hara gedəcəyik? Elə söz ağzımda qalmışdı ki, həmin oğlan özü qaça-qaça bizə tərəf gəldi. Bəli bizi qarşılayan təkcə elə Bəxtiyar idi. Məhbus dostum səhv etməmişdi. Bizi qucaqladı, bağrına basdı. Məni qucaqlayanda gördüm ki, çiyinləri əsir. Bəxtiyar hönkür-hönkür ağlayırdı. Sonra əynindəki pencəyini çıxarıb yağışdan büzüşən o biri məhbus dostumun çiyninə atdı. Götür-götür, məndə evdə yenə də var- dedi. Bəxtiyarı saxlamaq olmurdu, ağlayırdı. Ətrafında dolaşan o KQB əməkdaşlarını vecinə belə almırdı, bizi vağzaldan bir baş evinə gətirdi.
İsfəndiyar Vahabzadə

