Hasarlanmış sahillər qanun pozuntusu və ekoloji riskdir – AÇIQLAMA

Bu gün, 00:08           
Hasarlanmış sahillər qanun pozuntusu və ekoloji riskdir – AÇIQLAMA
Son illərdə dəniz və çay sahillərində yaşayış kompleksləri, hotellər, iaşə obyektləri və digər tikililərin sayı sürətlə artır. Sahilboyu ərazilərdə aparılan intensiv tikinti işləri təbii landşaftın dəyişməsinə, biomüxtəlifliyin azalmasına, sahil eroziyasının güclənməsinə və su ekosistemlərinin tarazlığının pozulmasına səbəb ola bilər. Bəs sahilboyu tikintilər ekoloji baxımdan hansı riskləri yaradır və bu proses necə tənzimlənməlidir?

Bu barədə ekoloq Sadiq Həsənov Ekologiya.az-a deyib ki, dənizkənarında otellərin və digər məişət obyektlərinin tikintisi bir çox ölkələrdə həyata keçirilir:

“O cümlədən Azərbaycanda da bu istiqamətdə geniş fəaliyyət var. Bizdə isə əsas problem ondan ibarətdir ki, bu tikinti prosesi dənizin mənimsənilməsi ilə müşayiət olunur. Yəni hasarlar çəkilir, insanlar üçün sədd yaradılır. Halbuki bu, qanunvericiliklə qadağan olunub. Buna baxmayaraq, həmin hasarları sökən və ya qanunu pozan şəxslərə cərimə tətbiq edən olmur. Görünür ki, bunlar kifayət qədər imkanlı şəxslərdir və bu səbəbdən qanunu pozmağa nail olurlar. Ümumiyyətlə, əgər hər hansı obyekt tikilirsə, o, xalq üçün açıq olmalıdır. Xüsusilə dənizkənarı ərazilərdə insanların sərbəst girişi təmin edilməlidir. Əgər restoran və ya digər xidmətlərdən istifadə olunursa, həmin xidmətlərə görə ödəniş edilməlidir. Yəni ödəniş yalnız istifadə olunan xidmətlərə görə olmalıdır. Təəssüf ki, bu sahədə vaxtilə müəyyən boşluqlar olub. Obyektlər tikilib, dənizə girişlər bağlanıb və bu da ekoloji vəziyyətin gərginləşməsinə səbəb olub”.

Ekoloq bildirib ki, burada ekoloji mühitə təsir edən amillər də var:

“Əvvəla, obyektlərin çoxluğu Xəzər dənizindən gələn hava axınlarının və günəş şüalarının təbii dövranına müəyyən qədər təsir göstərir. Bəzi hallarda dənizdən sahilə doğru olan təbii hərəkətin qarşısı alınır. Bundan başqa, əraziyə əlavə qum daşınması, tikinti işləri zamanı landşaftın pozulması və müxtəlif tikinti materiallarından istifadə olunması da müəyyən dərəcədə ekoloji mühitə təsir edə bilir. Ancaq ümumi kontekstdə götürdükdə, bu təsirlər o qədər də böyük deyil. Əsas məsələ odur ki, dənizə gedən yollar bağlanmamalıdır, insanların sahilə çıxışı asanlaşdırılmalıdır. İnsanlar hasarlardan keçərək və ya kimdənsə icazə alaraq dəniz sahilinə daxil olmaq məcburiyyətində qalmamalıdırlar. Çünki bu hasarlar həm mənzərəni korlayır, həm ekoloji tarazlığa müəyyən təsir göstərir, həm də insanların sərbəst hərəkətini məhdudlaşdırır. Bu baxımdan həmin obyektlərin müəyyən mənfi tərəfləri var”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru