Sağlamlıq üçün qida həqiqətən ilk sırada deyil. İnsanı öldürən stres, kasıbçılıq və dərd-sərdir

Bu gün, 10:24           
Sağlamlıq üçün qida həqiqətən ilk sırada deyil. İnsanı öldürən stres, kasıbçılıq və dərd-sərdir
Məncə, Avropada ən ağır və sağlamlıq baxımından ən uğursuz menyulardan biri Alman mətbəxidir.
Demək olar ki, hər yeməyin yanında kartof, ağır çörəklər və müxtəlif xəmir xörəkləri olur.
Festivallarda görürsən ki, ətli yeməklərin qarşısı boşdur, amma sadə kartof fri almaq üçün almanlar uzun növbə gözləyirlər.
Salat anlayışları da çox vaxt kartofdan ibarətdir. Bol duz vururlar, sirkə əlavə edirlər. Dəyişiklik olsun deyə üstünə sosis və ya kolbasa da doğrayırlar.
İkinci sevimli salatları makaron salatıdır. Adi spiral makaronu bişirib üzərinə mədəni məhv edən ədviyyatlar, sirkə və turş mayonez əlavə edib yeyirlər.
Pivəni az qala çay əvəzinə içirlər. Marketlərin qarşısında baxırsan, maşınlara ya pivə yeşikləri doldururlar, ya da boş şüşələri təhvil vermək üçün boşaldırlar.
Milli likörlərindən biri Jagermeisterdir. Çox şirin, şəkərli içkidir. Onu da daha ziyanlı Red Bull kimi enerji içkiləri ilə qarışdırıb içirlər.
Qısası, mədə və qaraciyəri yükləyən nə varsa, menyularına qatıblar.
Di gəl ki, canları sağlamdır, uzunömürlü və gümrahdırlar.
​Çünki meyvə, ət, balıq əlçatandır. Çox keyfiyyətli vitaminlər 5-6 manatdır. Şəhərlərini təbiətlə iç-içə salıblar, hər tərəf ağaclıq, göllər. Ördəklər, qazlar, dələlər ayağının altından keçir.
"Sabah başıma nə gələcək?" deyə stres içində deyillər. Adi xəstənin həkimlə görüşməsi bizdən çətindir, amma vəziyyət kritikdirsə, həkimləri ölünü dirildər.
​Odur ki, sağlamlıq üçün qida həqiqətən ilk sırada deyil. İnsanı öldürən stres, kasıbçılıq və dərd-sərdir.
Orxan Atabəy












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru