Universitet diplomu olmadan ildə 129 min manat: Niyə gənclər qatar maşinisti olmaq istəyir?
Bu gün, 16:24

Süni intellektin bir çox peşəni dəyişdirdiyi dövrdə Böyük Britaniyada gözlənilməz bir peşə gənclərin diqqət mərkəzinə çevrilib. Son araşdırmalara görə, internetdə ən çox axtarılan peşə artıq YouTuber, influencer, həkim və ya hüquqşünas deyil, qatar maşinistidir.
Beynəlxalq pulköçürmə şirkəti “Remitly”nin Google axtarışları əsasında hazırladığı araşdırma göstərir ki, Böyük Britaniyada insanlar ən çox "Necə qatar maşinisti olmaq olar?" sualını axtarırlar. Bu nəticə peşəyə marağın son illərdə əhəmiyyətli dərəcədə artdığını göstərir.
Diplom tələb olunmur
Qatar maşinisti olmaq üçün əksər şirkətlər universitet diplomu tələb etmir. Namizədlər psixoloji testlərdən, tibbi müayinədən və müsahibədən keçdikdən sonra 12–18 ay davam edən peşə hazırlığı proqramına qəbul olunurlar.
Ən maraqlı məqamlardan biri odur ki, təlim dövründə də namizədlərə illik 27–36 min funt (62-83 min manat) sterlinq əməkhaqqı ödənilir.
Təlimdən sonra maaş iki dəfə artır
Hazırlıq başa çatdıqdan sonra qatar maşinistlərinin orta illik əməkhaqqısı təxminən 56 min funt sterlinq təşkil edir. Təcrübə artdıqca bəzi operatorlarda bu rəqəm 70 min funt (161 min manat) sterlinqi də keçir. Yüksək maaş, sosial təminatlar və sabit iş qrafiki bu peşəni xüsusilə gənclər üçün cəlbedici edir.
Niyə məhz indi?
Bunun əsas səbəblərindən biri Böyük Britaniyada yaxın illərdə yaşanacaq kadr çatışmazlığıdır. Mövcud qatar maşinistlərinin təxminən dörddə biri 2030-cu ilə qədər pensiyaya çıxacaq. Məhz buna görə hökumət 2026-cı ildən bu peşəyə qəbul üçün minimum yaşı 20-dən 18-ə endirib.
Digər səbəb isə süni intellektdir. Bir çox peşənin avtomatlaşdırılması müzakirə olunsa da, dəmir yolu nəqliyyatında insan nəzarəti hələ də vacib hesab olunur. Bu da qatar maşinistliyini gələcəyi daha təhlükəsiz görünən peşələrdən birinə çevirir.
Bu nümunə göstərir ki, yüksək gəlir əldə etmək üçün hər zaman universitet diplomu əsas şərt deyil. Müasir əmək bazarında peşə bacarıqları, praktik hazırlıq və bazarın tələbatı bəzən ənənəvi ali təhsildən daha böyük üstünlük yarada bilir.
Şəbnəm İbrahimxəlilova

