Qatil balinalar İspaniya sahillərində yenidən yaxtaya hücum edib
Bu gün, 12:34

İspaniyanın Qalisiya sahillərində qatil balinalar (orkalar) növbəti dəfə yaxtaya hücum edib.
Bizimyol.info xəbər verir ki, verilən məlumata görə, hadisə zamanı İsveç bayrağı altında üzən 14 metrlik gəminin sükan mexanizmi zədələnib.
Yaxtada olan iki nəfər təhlükə siqnalı göndərdikdən sonra sahil mühafizəsinin əməkdaşları hadisə yerinə gəlib. Zədələnmiş gəmi təhlükəsiz əraziyə yedəklənib. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Bu, son günlərdə İspaniya sularında qatil balinaların gəmilərlə bağlı yaratdığı ilk insident deyil. Bir neçə gün əvvəl Pireney yarımadasının ən şimal nöqtəsi olan Estaka-de-Bares burnu yaxınlığında "Idem" adlı turist yaxtası orka hücumundan sonra batıb. Ekipaj üzvləri xilas edilib.
Atlantik Qatil Balinalar üzrə İşçi Qrupunun məlumatına görə, 2020-ci ildən İspaniya və Portuqaliya sahillərində qatil balinaların gəmilərlə təması ilə bağlı 700-dən çox hadisə qeydə alınıb. Bu müddətdə ən azı səkkiz yaxta belə qarşılaşmalardan sonra batıb.
Alimlərin fikrincə, qeyri-adi davranışları İberiya populyasiyasına daxil olan az sayda — təxminən 15 qatil balina nümayiş etdirir. Ümumilikdə bu populyasiyanın sayı 50 fərddən azdır və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının siyahısında təhlükə altında olan qruplardan biri kimi göstərilir.
Mütəxəssislər əvvəlcə hücumların travma almış Belaya Qledis adlı dişi orka ilə əlaqəli ola biləcəyini ehtimal etsələr də, hazırda əsas elmi yanaşma bu davranışın “qisas” deyil, sosial öyrənmə nəticəsi olmasıdır.
Araşdırmaçılar hesab edirlər ki, gənc qatil balinalar böyüklərin davranışlarını təkrarlayaraq yaxtaların sükan hissələri ilə qarşılıqlı əlaqəni oyun kimi qəbul edə bilərlər.
Dənizçilərə orka ilə qarşılaşdıqda mühərriki söndürmək, yelkənləri yığmaq, avtopilotu bağlamaq və sükanın hərəkətinə müqavimət göstərməmək tövsiyə olunur. Bu tədbirlərin gəminin ciddi zədələnməsi ehtimalını azaltdığı bildirilir.

