"Süni intellektin insanlığı məhv edəcəyinə inanmıram" - Zukerberq
Bu gün, 15:34

Mark Zukerberq süni intellektin gələcəyi barədə açıq məktub yazıb.
"Meta" korporasiyasının 42 yaşlı baş direktoru Mark Zukerberq süni intellektin gələcəyi ilə bağlı açıq məktub yayımlayıb.
Bu barədə "wsj.com" nəşri yazıb.
Dünyanın ən varlı insanlarından biri olan və sərvəti 194 milyard dollar qiymətləndirilən Zukerberq bildirib ki, süni intellekt ətrafındakı müzakirələrin "bədbinliklə dolu olması" onu təəccübləndirir.
"Süni intellekt sahəsində çalışan bir çox mütəxəssisin bu qədər bədbin olması təəccüblüdür. Mən başa düşmürəm ki, niyə kimsə süni intellektin iş yerlərini və bəşəriyyətin rolunu məhv edəcəyinə inanır", - deyə o, "The Wall Street Journal" tərəfindən yayımlanan məktubunda yazıb.
Onun fikrincə, yaxın illərdə insanlar insan imkanlarını üstələyən super intellektə çıxış əldə edəcəklər. Bu, yeni kəşflər etməyə, şirkətlər qurmağa, ideyaları həyata keçirməyə, yeni biliklər qazanmağa, həyat və karyera imkanlarını genişləndirməyə kömək edəcək.
"Bəşəriyyət hər böyük ixtiradan sonra daha da inkişaf edib"
Zukerberq qeyd edib ki, tarix boyu hər böyük ixtira əvvəlcə qorxu yaradıb, lakin nəticədə insanlığa daha çox rifah, sağlamlıq və azadlıq gətirib. "Mən inanıram ki, bu, süni intellekt üçün də keçərlidir və gələcəkdə onun yaratdığı imkanlar hər kəs üçün əlçatan olacaq", - deyə o bildirib.
"Super intellekt hər kəs üçün əlçatan olmalıdır"
"Meta" rəhbərinin sözlərinə görə, əsas məsələ super intellektin kim tərəfindən idarə olunacağıdır. O hesab edir ki, bu texnologiya kiçik bir qrupun deyil, hər bir insanın istifadəsində olmalıdır. Zukerberq bildirib ki, əgər yalnız bir nəfərin super intellektli hüquqşünası olsa, bu, ədalətsiz üstünlük yaradacaq. Lakin hər kəs belə imkan əldə etsə, məhkəmə sistemi daha səmərəli işləyər.
Zukerberq ABŞ hökumətini də tənqid edib
Eyni gün "Financial Times"a müsahibəsində Zukerberq ABŞ hökumətinin süni intellekt bazarında üstünlük qazanmaq üçün Çin modellərinə qadağa qoymaq planını tənqid edib. Qeyd edək ki, Zukerberq və "xAI" şirkətinin sahibi İlon Mask uzun illərdir süni intellektin inkişafı ilə bağlı fərqli mövqedən çıxış edirlər. Mask bu sahənin daha sərt tənzimlənməsinin tərəfdarıdır.

