İstifadəçilər "Instagram"da daha çox vaxt keçirir: Süni intellektin burda rolu nədir?
Bu gün, 16:44

"Instagram" istifadəçiləri tətbiqdə əvvəlkindən daha çox vaxt keçirməyə başlayıblar.
Valyuta.az xəbər verir ki, "Business Insider"in məlumatına görə, "Meta" şirkətinin baş direktoru Mark Zukerberq bunun əsas səbəbinin lent və "Reels" bölməsində tövsiyə sisteminin süni intellekt vasitəsilə təkmilləşdirilməsi olduğunu bildirib.
Zukerberqin sözlərinə görə, platformanın tövsiyələri getdikcə daha fərdiləşdirilmiş xarakter alır.
"Biz istifadəçilərə daha çox yeni məzmun göstərir, eyni zamanda onların qarşılarına çıxan paylaşımlar üzərində daha çox nəzarət imkanları təqdim edirik", deyə o bildirib.
"Instagram Reels"in daha sürətli məlumat emalı və istifadəçi davranış tarixçəsindən daha ətraflı istifadə edən yeni arxitektura ilə işlədiyini qeyd edən Zukerberq bunun məzmunun daha dəqiq proqnozlaşdırılmasına imkan verdiyini vurğulayıb.
Onun sözlərinə görə, bu yeniliklər nəticəsində "Instagram" sessiyalarının sayı 15 baza bəndi artıb. Xüsusilə paylaşımların yenidən göndərilməsi və tətbiqdə keçirilən vaxtın artması müşahidə olunub ki, bu da təqdim olunan məzmunun istifadəçilərin maraqlarına daha yaxşı uyğunlaşdığını göstərir.
Zukerberq bildirib ki, tövsiyə sistemi bütün ictimai "Reels" videolarını və paylaşımları böyük dil modelinə (LLM) ötürərək onları mövzu və üslub baxımından təhlil edir. Onun sözlərinə görə, bu yanaşma daha yüksək səviyyədə fərdiləşdirilmiş tövsiyələrin hazırlanmasında əsas rol oynayır.
"Biz bu imkanların daha çoxunu "Facebook"a da inteqrasiya etmək üzərində çalışırıq", deyə "Meta" rəhbəri əlavə edib.
Bundan əvvəl müxtəlif mənbələr "Instagram"ın istifadəçi fəaliyyətini izləməsi ilə bağlı məxfilik məsələlərinə diqqət çəkmişdi. Mütəxəssislər hesab edirlər ki, tətbiqdə bəzi məxfilik ayarlarını dəyişməklə şəxsi məlumatların qorunmasını gücləndirmək mümkündür.

