QIZI YARALANIB, KÜRƏKƏNI HƏLAK OLUB... - Generala sui-qəsdin təfərrüatları (Yenilənib)
Bu gün, 12:09

Xəbər verildiyi kimi, Moskvanın mərkəzindəki məşhur "Balzi Rossi" restoranında baş verən güclü partlayış nəticəsində 5 nəfər ölüb, 21 nəfər yaralanıb. Partlayışda əsas hədəfin 55 yaşını qeyd edən Rusiya Hava-Kosmik Qüvvələrinin Baş Komandanı, general-polkovnik Aleksandr Çayko olduğu məlumdur.
Rəsmi məlumata əsasən, partlayıcı qurğunu gizlədən qadın restoranın girişində mühafizəçi tərəfindən saxlanılıb və bu zaman partlayış baş verib. Nəticədə qadın özü, mühafizəçi və restorandakı müştərilər daxil olmaqla, 5 nəfər həlak olub, 21 nəfər müxtəlif dərəcəli xəsarət alıb.
“AzPolitika” xəbər verir ki, “Verstka” nəşri partlayışın nəticələrilə bağlı yeni məlumatlar dərc edib. Qəzetinin restoran rəhbərliyinə yaxın mənbəyə istinadla verdiyi məlumata görə, Çaykonun qızı, 25 yaşlı Mariya Çayko partlayış nəticəsində yaralanıb.
Nəşr həmçinin qeyd edir ki, REN TV və 112 tərəfindən dərc edilən yaralıların siyahısında açıq baş zədəsi ilə xəstəxanaya yerləşdirilən 25 yaşlı "Mariya P." adı var. Jurnalistlər sızdırılan məlumat bazalarında Mariya Çaykonun Peredriy soyadı ilə qeyd olunduğunu müəyyən ediblər. Bundan əlavə, Mariya Çayko və Mariya Peredriy eyni doğum ilinə və yaşayış ünvanına malikdirlər.
“Verstka” həmçinin bildirir ki, Mariya Çaykonun əri partlayış nəticəsində həlak olub. Belə ki, ölənlərin siyahısında generalın qızının əri Daniil Peredriy olduğu ehtimal edilən 27 yaşlı "Daniil P." də var. Tanınmış bloqer Anatoli Şariy də Peredriyin öldüyünü təsdiqləyib.
Xatırladaq ki, general Çayko Ukraynada bir çox hərbi cinayətlərin törədilməsində günahlandırılır. Ukrayna hakimiyyəti onu xüsusilə də Buça cinayətlərində ittiham edir.

