Avropalılar Ukrayna prosesi ilə bağlı iştirakda israr edirlər
22-11-2025, 11:34
Almaniya, Fransa, Böyük Britaniya və Ukrayna liderləri ABŞ-ın Ukraynada sülh planını müzakirə edərək vurğulayıblar ki, hər hansı razılaşma Avropa ölkələrinin iştirakı ilə mümkündür. Onlar Ukraynanın suverenliyinin qorunmasını və təhlükəsizlik təminatlarının vacibliyini qeyd ediblər. Həmçinin bildirilib ki, Avropa İttifaqı və NATO ilə bağlı istənilən razılaşma Avropa tərəfdaşlarının təsdiqini tələb edir. ABŞ-da sızan plan layihəsinə əsasən, Ukrayna Krım, Donetsk və Luqanskı Rusiyaya verməli, Xerson və Zaporojye isə cəbhə xəttinə uyğun bölünməlidir. Ukrayna NATO-ya üzvlükdən imtina etməli, ordusunu 600 min hərbçi ilə məhdudlaşdırmalıdır. Əvəzində təhlükəsizlik təminatları və Aİ-yə üzvlük perspektivi təklif olunur. Məlumatlara görə, ABŞ Ukraynaya planı qəbul etməsi üçün güclü təzyiq göstərir və tərəddüd olarsa, silah və kəşfiyyat yardımını dayandırmaqla hədələyir. ABŞ rəhbərliyi planın həm Rusiya, həm də Ukrayna üçün “yaxşı plan” olduğunu bildirir. Sarvan Səmədoğlu TEREF